BAKI, 7 mart. TELEQRAF

Rəsmi Astana Xəzər Boru Kəməri Konsorsiumu (XBK) vasitəsilə nəql edilən neftin həcmini azaldacaq.

Teleqraf "Tengrinews.kz" xəbər portalına istinadən xəbər verir ki, bu barədə ölkənin energetika nazirinin müavini Alibek Jamaouov məlumat verib.

Onun sözlərinə görə, Qazaxıstan OPEC+ tələblərinə uyğun olaraq neft hasilatını optimallaşdıracaq:

“Hazırda heç bir azalma yoxdur, lakin planlarımız bu yöndədir. Qazaxıstan neftinin bu infrastrukturu vasitəsilə nəqlinin azaldılması “ümumi həcmin təxminən 70%-ni” təşkil edə bilər. Yəni ixracımızın böyük hissəsi XBK vasitəsilə həyata keçirilir. Buna görə də bu marşrut üzrə həcmlər azalacaq. Bu, mart ayında baş verəcək”, – deyə Jamaouov bildirib.

Xatırladaq ki, 2024-cü ilin dekabrında OPEC+ ölkələri, o cümlədən Qazaxıstan, neft hasilatının gündəlik 2,2 milyon barel azaldılması qərarını 2025-ci ilin mart ayının sonuna qədər uzadıb. Digər məhdudiyyətlər isə 2026-cı ilin sonuna qədər qüvvədə qalacaq. Martın 7-də isə energetika naziri Almasadam Satkaliyev Qazaxıstanın OPEC+ qarşısında götürdüyü öhdəliklərə əməl edəcəyini təsdiqləyib.

Bundan öncə, fevralın 17-də Ukrayna pilotsuz uçuş aparatları Rusiyanın Armavir şəhəri yaxınlığında yerləşən XBK stansiyasına hücum edib. Hadisə nəticəsində insan itkisi olmayıb, neft sızmasının qarşısı alınıb.