BAKI, 7 mart. TELEQRAF

Gül buketlərinin qiyməti 24 saat ərzində 30-40 faiz artır, şokolad qutuları, hədiyyələr adi günlərə nisbətən daha baha satılır. Söhbət 8 Mart-Beynəlxalq Qadınlar günündə kiçik biznes subyektlərinin bir gecədə varlanmasından gedir. Dükanlardakı alıcı sıxlığı da sektoru insafa gətirmir. Tələbatın kəskin yüksəlməsi qiymətləri artırır. Səbəbi araşdırmaq məqsədilə üz tutduq gül və hədiyyə dükanlarına...

Gül satışı ilə məşğul olan Məhəmmədrəsul Əlizadə dedi ki, əvvəlki dövrlərlə müqayisədə güllərin qiymətlərində artım var. Səbəbi də ölkədəki yerli istixanaların mağazaların tələbatını qarşılaya bilməməsidir. Bildirdi ki, bazarda gül dükanlarının sayı artıb, xaricdən idxal olunan gül də bahalaşıb.

“Məsələn, istixanalar əvvəllər 10 dükanın tələbatını təmin edirdilərsə, hazırda 20 dükana mal tədarük etməlidirlər. Ona görə də qiymət bahalaşır. Malı 3 manata almışamsa, necə 2 manata satım? Bu mümkün deyil”, - deyə həmsöhbətim bildirdi.

Məhəmmədrəsul Əlizadə dedi ki, gülləri adi günlərdə endirimlə satmağa məcburdurlar. Çünki tələbat yüksək olmur. Belə halda da gəlirləri xərclərini qarşılamır.

Öyrəndik ki, hazırda bazarda qızılgüllərin qiymətində minimum 1 manat artım var. Yerli qızılgülün ədədi 5 manatdır.

Son günlər sosial şəbəkələrdə müzakirəyə səbəb olan 101 qızılgüldən ibarət buketin 800 manata təklif olunmasına gəlincə, baş çəkdiyimiz ölkənin məşhur gül dükanında bizi inandırmağa çalışdılar ki, bu rəqəm şişirdilib. Əlavə də etdilər ki, 101 ədəd sarı qızılgül 600 manata satılır. Maraqlıdır, ədədi 5 manat olan qızılgülün 101 ədədini bir yerə toplayanda necə 505 manat yox, 600 manat edir? Sualımıza cavab verən satıcı buketin üzərinə əlavə olunan 95 manatı işçinin əməyinin ödənişi kimi dəyərləndirdi.

Adi buketlərə gəldikdə isə məlum oldu ki, gül sayı az olan buketlər də əl yandırır. Belə buketlərin qiyməti 20-150 manat arasında dəyişir.

Dəbdə olan zanbaqların qiymətlərinə gəldikdə isə məlum oldu ki, ədədi 8 manatdan başlayır, 12 manata qədər çatır.

Bu arada, satıcılar bu fantastik qiymətlərin fonunda büdcəsi aşağı olanları da düşünüb. Satışda ədədi 50 qəpik olan çit gülləri də var.

Dünyanın ən məşhur güllərindən Niderlandın simvolu olan dağlaləsı, el arasında "tülpan" adlandırılan gülün dəyəri isə 3 manatdır.

Təbii ki, 8 Mart - Beynəlxalq Qadınlar Günündə qadınlara tək gül hədiyyə edilmir. Ayı, dovşan formasında olan yumşaq oyuncaqlar da günümüzdə çox dəbdədir. Bunların qiymətləri ölçüsünə görə dəyişir. Minimum ölçüdə 3-5 manata satılan bu hədiyyələrin qiyməti 180-200 santimetr üçün 165-200 manata müştəriyə təklif edilir. İçində gül, kiçik ölçülü yumşaq oyuncaq və şokolad olan hədiyyə qutuları isə 45-65 manatdır.

Paytaxtın məşhur kosmetika və parfümeriya mağazaları da bayram fürsətlərindən yararlanan subyektlər sırasındadırlar. Vitrinlərdəki 50, 60 və 70%-lik endirim elanlarının reallıqla yaxından-uzaqdan əlaqəsi yoxdur. Elə özləri də bunu təkzib etmirlər. Elanlarda çox kiçik hərflərlə yazılan “-dək”, “qədər” sözləri müştəriyə mesajı ötürür. 50 faiz endirim təklif edən mağazanın satıcısından qiymətlərlə maraqlandıq. Bildirdi ki, vitrindəki elanda 50%-lik endirim qeyd olunsa da, mallarda endirimlər fərqli dərəcə ilə tətbiq edilib. Maksimum endirimin, yəni 50 faizlik endirimin tətbiq edildiyi məhsulu soruşsaq da, satıcıdan bununla bağlı dəqiq məlumat ala bilmədik.

"Bunu sizə deyə bilmək üçün gərək, mən hər məhsulun endirim faizini oturub hesablayım", - deyib, sözün həqiqi mənasında bizi yola verdi. Mövzunu dəyişib hədiyyəlik qutuların dəyərinin 45 manatdan 33 manata düşdüyünü söylədi.

Son olaraq, 8 Mart bayramı sevgi və diqqətin rəmzi olsa da, bu gün təkcə gül və hədiyyə mağazaları üçün deyil, həm də istehlakçılar üçün ciddi sınaq gününə çevrilir. Mağazaların qiymətləri süni şəkildə artırıb-artırmadığını anlamaq bəzən çətin olur, amma alıcılar alternativlər axtarmaqla bu tendensiyanın qarşısını müəyyən qədər ala bilərlər. Son nəticədə, ən qiymətli hədiyyə etiketdəki rəqəm deyil, göstərilən səmimi diqqət və dəyərdir.