BAKI. 9 mart. TELEQRAF

"Araz Naxçıvan"ın futbolçusu Vadim Abdullayev Azərbaycan Premyer Liqasının XXVI turunda evdə "Qarabağ"a 1:3 hesabı ilə uduzduqları oyundan sonra Teleqraf-a müsahibə verib.

31 yaşlı yarımmüdafiəçi matç, qarşılaşmanın sonlarında baş vermiş insident və Azərbaycan millisinə dəvət imkanları barədə fikirlərini bölüşüb:

- Çox gərgin və dinamik oyun keçdi. Çox istəyirdik ki, xal qazanaq. Bunu bacara bilərdik, amma alınmadı.

- Rəqib oyunçu Elvin Cəfərquliyev və komanda yoldaşınız arasında başlayan, sonra sizlərin də müdaxilə etdiyiniz münaqişəyə səbəb səbəb nə oldu?

- Futbolda belə hadisələr olur. Epizodu tam yaxından görmədim. Ora yaxınlaşarkən artıq "iş işdən keçmişdi".

- Həmin məqamda hamı Elvin Cəfərquliyevə də qırmızı vərəqə göstəriləcəyini düşünsə də, təkcə Felipe Santos meydandan qovuldu. Belədə "Araz-Naxçıvan"a qarşı hakim qərəzi barədə düşünmək olarmı?

- Bu sualı cavablandırmaq mənim işim deyil. İstər-istəməz hakimlər bəzən əleyhimizə və ya lehimizə səhvə yol verirlər. Bu, futboldur, daha soyuqqanlı olmaq lazımdır.

- Xal itkisi sizə mövsümün sonunda avrokuboklara yollanmaqda çətinlik yaratmayacaq?

- Çətin olacağını əvvəldən bilirik. Hər oyunun öz hökmü və çətinliyi var. Bəzi klublar avrokuboklara vəsiqə qazanmaq istəyir, bəziləri isə liqada qalmaq uğrunda mübarizə aparırlar. Buna görə də hər oyun gərgin keçir. Biz də xal itirəcəyik, rəqiblər də. Sona qədər yaxşı oynayan, nəticə qazanan komanda avrokuboklara vəsiqə qazanacaq.

- Azərbaycan milli komandasının martın 22-də Belarus, martın 25-də Haitiyə qarşı yoldaşlıq oyunları olacaq. Yığmadan dəvət gözləyirsiniz?

- Əməliyyat olunduğum üçün bir müddət yaşıl meydandan uzaq düşmüşdüm. Həm də klubumda az şans qazandım. Özümü nəyəsə layiq görmürəmsə, bunu gözləmirəm. Hazırda klubuma köklənmişəm. Milliyə dəvət olar, ya olmaz, bilmirəm. Hazırda özümü buna layiq hiss etmirəm. Hə, gələcəkdə formaya düşdükdən sonra çağırıla bilərəm.