.png)
BAKI, 9 mart. TELEQRAF
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. İmtahanda 58732 şagirdin iştirakı nəzərdə tutulurdu.
İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 255 imtahan binası, 4430 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 255 ümumi imtahan rəhbəri, 721 imtahan rəhbəri, 5523 nəzarətçi, 773 buraxılışı rejimi əməkdaşı (mühafizə), 255 bina nümayəndəsi ayrılıb.
İmtahanda 70 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edib. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb.
Teleqraf-ın əməkdaşı Dövlət İmtahan Mərkəzinin təlimatlarına uyğun şəkildə imtahan prosesini izləmək üçün Bakı şəhərində yerləşən 167 nömrəli məktəbdə olub.
Məktəbin ətrafında gözləyən valideynlər və şagirdlərin yaxınları imtahanın necə keçəcəyi, şagirdlərin necə hazırlaşdığı ilə bağlı müzakirələr edirlər.
Oğlunun imtahandan çıxmasını gözləyən Dilarə Abbaslı nəticələrin yaxşı olacağına inandığını deyir: “Allah imtahanda iştirak edənlərin zehnini açıq etsin. Valideyn kimi həyəcanlıyam. Oğlum birinci qrupa hazırlaşır. Sınaqlarda iştirak edib, nəticələri normal idi. Ümid edirəm ki, ümumi balı yaxşı olar. Qarşıda blok imtahanları var. O da əsasdır. Hazırlıqlara gedir. Yəqin ki, balına uyğun universitet və ixtisas seçimi edəcək”.
Digər valideyn Zəhra Mustafayeva da oğluna görə bura gəldiyini deyir: “Oğlum V qrupa hazırlaşır. Rus sektorunda təhsil alır. İdman Akademiyasına qəbul olmaq istəyir. İmtahandan çıxan uşaqlar riyaziyyatın çətin olduğunu deyirlər. Övladının yüksək bal toplayaraq ali məktəbə qəbul olması hər bir valideyn üçün böyük qürurdur”.
Ümumi imtahan rəhbəri Elşən Əsədovdan imtahan prosesi ilə bağlı məlumat aldıq.
“İmtahan saat 11:00 başlayıb saat 14:00 bitir. İmtahanda 258 nəfər iştirak edir. Bir nəfər imtahana gəlməyib. Ümumilikdə 259 nəfərin iştirakı nəzərdə tutulurdu. İmtahan normal qaydada davam edib. Gecikmə qeydə alınmayıb. Yoxlanış prosesində 4 əməkdaş iştirak edir. 2 nəfər oğlanları, digər iki nəfər isə qızları yoxlayır. Əvvəlcədən xəbərdarlıq edilir ki, imtahana gələnlər telefon, elektron saatlarını gətirməsinlər. Yoxlanış prosesində bunun təsirini görürük. Təlimatlara əməl edirlər. Hazırda heç bir neqativ hal müşahidə edilməyib. Dərman vasitələri gətirənlər var, ancaq həkimin məsləhəti olmadan onları zala buraxmırıq. Burada həkimlərimiz də var. Əgər kiminsə halı pisləşərsə müdaxilə olunacaq. İmtahana qələm, buraxılış vərəqəsi və şəxsiyyət vəsiqəsi ilə daxil olmağa icazə verilir. Bəzi imtahan iştirakçıları çıxandan sonra yenidən qayıdıb kitabçanı götürmək istəyir. Ancaq kitabçalar onlara verilmir. Yanlız imtahanın sonuna qədər qalanlar kitabçanı özləri ilə apara bilərlər”.
Məktəbə təyin olunan həkim Nərgiz Qurbanova tibbi müraciətin olmadığını deyir:
“Vəziyyət normaldır. Tibbi müraciət olmayıb, heç kimin halı pisləşməyib. Təcili tibbi müdaxilə üçün dərmanlar gətirmişik. İynə vurmağa icazəmiz yoxdur. Ancaq ağrıkəsicilər, spirt istifadə etmək olar, kimsə huşunu itirərsə iyləmək üçün dərmanlarımız da var. Ciddi dərmanlara ehtiyac yoxdur. Əgər ciddi bir müdaxilə yaranarsa təcili yardıma müraciət olunacaq”.
İmtahan rəhbəri Elşən Ələkbərov bildirdi ki, imtahanlar təlimata uyğun olaraq şəffaf qaydada həyata keçirilir:
“Üçüncü mərtəbənin imtahan rəhbəriyəm. Heç bir problem yoxdur, hər şey qaydasında davam edir. Köçürmə halı qeydə alınmayıb. Nəzarətçilərimiz də diqqətlidirlər”.
3 saat davam edən imtahan yekunlaşır. İmtahanın necə keçdiyini öyrənmək üçün imtahan iştirakçıları ilə həmsöhbət oluruq. Əksər şagirdlər riyaziyyat suallarının çətin, digər fənlərin suallarını isə rahat cavablandırdıqlarını qeyd edirlər.
Emil Alıyev yazdığı cavablara görə ən azı 200 baldan çox topladığını güman edir: “Suallar mənə daha asan gəldi. Yaxşı nəticə gözləyirəm. Riyaziyyat çətin oldu, ancaq ingilis və rus dili asan idi. Proqramçı olmaq istəyirəm. YÖS imtahanına (Yabancı Öğrənci Sınavı) hazırlaşıram”.
Lalə Quliyeva V qrupa hazırlaşdığını vurğulayır: “60 nömrəli məktəbdə təhsil alıram. Riyaziyat suallara görə çətin idi. Digər fənlər isə asan idi. İştirak etdiyim sınaq imtahalarına nisbətən bu imtahanda suallar daha çətin idi”.
İmtahan iştirakçısı Şəfiqə Hüseynova da riyaziyyat suallarının çətin olduğunu təsdiqləyir:
“Əslində ingilis və rus dilindən suallar normal idi. Sınaqlarda da iştirak etmişəm. Birinci qrupa hazırlaşıram. Azərbaycan Texniki Universiteti və ya Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə qəbul olmaq istəyirəm”.
Banu Əsgərli isə hüquqşünas olmaq üçün hazırlaşdığını söyləyir: “Gözlədiyimdən asan keçdi, riyaziyyat isə biraz çətin idi. Yaxşı nəticə gözləyirəm. Üçüncu qrupa hazırlaşıram. Qarşıda blok imtahanları var. Ona daha ciddi hazırlaşmağa başlayacam".
Nəzrin Yusifzadə isə bakalavr təhsili almaq üçün Avstriyaya gedəcəyini deyir:
“Mən elə fikirləşirəm ki, sualların asan və çətin olması şagirddən asılıdır. Kimsə üçün asan olan sual mənə çətin gələ bilər və yaxud əksinə. İngilis dilini yaxşı yazdım. Təhsilimi xaricdə davam etdirəcəm. Artıq IELTS imtahanında iştirak edib, 7 bal almışam”.
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə martın 10-dan etibarən imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılacaq. İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 6 həftə ərzində elan olunması nəzərdə tutulur. İmtahanda iştirak edənlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər bütün test tapşırıqlarının izahının elektron versiyasını (pdf formasında) canlı yayımdan sonra DİM-in sosial şəbəkə hesablarından əldə edə biləcəklər.