ŞAMAXI, 9 mart. TELEQRAF

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI turun daha bir görüşü keçirilib.

Teleqraf xəbər verir ki, ikinci oyun gününün açılış matçında "Şamaxı" və "Sabah" komandaları üz-üzə gəlib.

Şamaxı şəhər stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 30-cu dəqiqədə Azərbaycanın ən istedadlı futbolçularından olan Edqar Adilxanov vurub.

Bununla da ardıcıl ikinci qələbəsini qazanan "Şamaxı" xalını 27-yə çatdırıb və 6-cı pilləyə yüksəlib. 7-ci pillədəki "Neftçi" də eyni xala malikdir və əyalət komandasından şəxsi göstəricilərdə üstündür. Amma məhz qələbə sayının daha çox olması "Şamaxı"nı üstün pillədə qərarlaşdırıb.

4 turdur qələbə qazana bilməyən "Sabah" isə 34 xalla 5-ci pillədə yer alır.

Qeyd edək ki, turun açılış oyununda "Araz-Naxçıvan" öz meydanında lider "Qarabağ"a uduzub - 1:3. Bu gün saat 17:30-da "Zirə" - "Səbail" oyunu start götürəcək. Martın 10-da isə "Sumqayıt" - "Kəpəz" və "Neftçi" - "Turan Tovuz" oyunları keçiriləcək.