BAKI, 9 mart. TELEQRAF

İkinci Fəxri Xiyabanda Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi pilotu şəhid polkovnik-leytenant Məmmədli Famil Elman oğlunun xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

Bu barədə Teleqraf-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, HHQ-nin bir qrup hərbi qulluqçusunun, şəhidin ailə üzvlərinin, həmçinin ictimaiyyət nümayəndələrinin də iştirak etdiyi tədbirdə hərbi pilotumuzun məzarı ziyarət olunub, üzərinə gül dəstələri düzülərək xatirəsi dərin hörmət və ehtiramla yad edilib.

Mərasimdə çıxış edənlər şəhidimizin xatirəsinin hər zaman xalqımızın yaddaşında yaşayacağını və qürurla anılacağını qətiyyətlə vurğulayıblar.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.