BAKI, 9 mart. TELEQRAF

“Zirə” Azərbaycan Premyer Liqasının XXVI turunda evdə “Səbail”lə qarşılaşıb.

Teleqraf xəbər verir ki, baş hakim Tural Qurbanovun idarə etdiyi görüşdə meydan sahibləri minimal hesablı qələbə qazanıb - 1:0. Yeganə qolu 90+6-cı dəqiqədə Ruan Renato vurub.

Cavid Hüseynovun rəhbərlik etdiyi kollektiv matçın 73-cü dəqiqəsindən etibarən azlıqda mübarizə aparıb. “Dənizçilər”in futbolçusu Suleyman Alluş rəqibin künc zərbəsindən öncə Ayron Qomisin çənəsinə kəllə vurduğu üçün meydandan qovulub.

Bu nəticədən sonra "Zirə" xalını 51-ə çatdıraraq, 2-ci pillədə möhkəmlənib. “Səbail” isə 18 xalla sonuncu pillədə qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Qarabağ” səfərdə “Araz-Naxçıvan”ı 3:1, “Şamaxı” isə evdə “Sabah”ı 1:0 hesabı ilə məğlub edib. Martın 10-da “Sumqayıt” “Kəpəz”i, “Neftçi” “Turan Tovuz”u qəbul edəcək.