
ŞAMAXI, 9 mart. TELEQRAF
"Əvvəlki "Araz-Naxçıvan"la oyunla müqayisədə inamsız oyun oldu. Çoxlu fasilələr, bilərəkdən oyunların dayandırılması matçı heç də gözəlləşdirmir. Belə hallara yol verən rəqib komanda idi. Bunlar heç də müasir futbolu gözəlləşdirmir. Bəzən 2-3 dəqiqənin itirilməsinə səbəb olurdular. Bunlar heç də bəraət və bəhanə deyil. Biz bu oyunu aktivimizə yaza bilmədik".
Teleqraf xəbər verir ki, bunu "Sabah" komandasının baş məşqçisi Vasili Berezutski səfərdə "Şamaxı"ya 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XVI tur matçından sonra mətbuat konfransında deyib.
43 yaşlı mütəxəssisin sözlərinə görə, mövqe hücumlarına keçərkən rəqibin sıx müdafiəsini yara bilmirlər: "Buna görə əks-hücumlarda toplar buraxırıq. Bu, bəlkə də futbolçularımın səviyyəsi ilə bağlıdır. Aşağı yerlərdə gedən komandalarla görüşlərdə belə hallar daha çox baş verir".
Komandasının qapısına qolu bəstəboy oyunçunun vurmasında qeyri-adiliyin olmadığını deyən Berezutski liderin olmasının çox önəmli sayıb: "Lider özü hamıya nümunə olur. İnanıram ki, bizdə də belə bir oyunçu əmələ gələcək. Bizim yerli futbolçulara antipatiyamız yoxdur. Seymur Məmmədov və Xəyal Əliyev daim əsas heyətdə oynayır. Şakir Seyidov və Abdulla Rzayevin əvəzedici heyətə göndərilməsi yerli futbolçu olmalarına görə yox, onların səviyyəsinin komandanın göstərdiyi oyuna uyğun gəlməməsinə görədir. Onların öz işlərinə münasibəti də çox önəmlidir".
Futbolçuları kökləyə bilməməsi fikri ilə razılaşmayan baş məşqçi aşağı pillələrdəki komandalarla qarşılaşmalarda zəif nəticə göstərmələrini belə izah edib: "Bunlar tapşırıqları başa düşməməklə, anlamaqla da bağlıdır. Biz rəqəmlərə baxdıqda da onların oyunlara köklənmələrini görürük".