BAKI, 5 mart. TELEQRAF

Bakı və Ankara arasında təbii qaz sahəsində əməkdaşlığa dair saziş Türkiyədə qüvvəyə minib.

Teleqraf xəbər verir ki, sənəd Türkiyənin "Resmi gazete"sində dərc olunub.

“Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında təbii qaz sahəsində Əməkdaşlıq Sazişi” dərc olunduğu gündən qüvvəyə minib.

Türkiyə tərəfdən sənədlə bağlı müddəaların yerinə yetirilməsi Prezident Rəcəb Tayyib Ərdoğanın səlahiyyətindədir.

Türkiyə Böyük Millət Məclisi fevralın 26-da sazişi təsdiqləyib.

Bakı və Ankaranın Avropanın enerji təhlükəsizliyindəki rolu

Sazişə əsasən, tərəflər Azərbaycan və Türkiyə arasında enerji sahəsində uğurlu əməkdaşlığı təsdiq edirlər və bu əməkdaşlığı genişləndirmək istəyirlər.

Rəsmi Bakı və Ankara enerji təhlükəsizliyinin təmin edilməsində bir-birinin və Avropa ölkələrinə enerji təchizatı mənbələrinin şaxələndirilməsində Azərbaycan və Türkiyənin mühüm rolunu təsdiq edirlər.

Tərəflər Trans-Anadolu Təbii Qaz Boru Kəməri Sistemi (“TANAP”), Bakı-Tbilisi- Ceyhan Əsas İxrac Xam Neft Boru Kəməri, Bakı-Tbilisi-Ərzurum Qaz Boru Kəməri və “Şahdəniz” yatağının 1-ci və 2-ci mərhələsindən təbii qazın alqı-satqısı üzrə uğurlu əməkdaşlığı vurğulayırlar.

Sənədə əsasən, Azərbaycan və Türkiyə təbii qaz sahəsində inteqrasiya olunmuş əməkdaşlığın və hasilatçı, nəql edən və istehlakçı ölkələr arasında dialoqun qarşılıqlı faydalarını, bu əməkdaşlığın hər iki ölkə və onların vətəndaşları və müəssisələrinə verəcəyi faydanı təsdiq edirlər.

Sazişin əhatə dairəsi

Rəsmi Bakı və Ankara Azərbaycandan və üçüncü ölkələrdən öz əraziləri vasitəsilə təbii qazın alqı-satqısı, çatdırılması, mübadiləsi və tranziti ilə bağlı əməkdaşlığı genişləndirmək niyyətindədirlər.

Tərəflər Azərbaycandan Türkiyəyə və (və ya) Türkiyə vasitəsilə üçüncü ölkələrə çatdırılacaq mövcud həcmlərdən əlavə təbii qazın ümumi həcminin ən azı 40%-nin “Azərbaycan Qaz Təchizatı Şirkəti” və “BOTAŞ” arasında 2011-ci il 25 oktyabr tarixli “Təbii qazın alqı-satqısı Müqaviləsi” ilə eyni kommersiya qayda və şərtləri əsasında BOTAŞ-a təklif edilməsini (“40-60 prinsipi”) təmin edəcəklər.

Hər iki ölkə öz milli neft-qaz şirkətləri SOCAR və BOTAŞ vasitəsilə aşağıdakı müddəalarla bağlı əməkdaşlıq etməyə və onları bu saziş ilə müəyyən edilmiş prinsiplər və şərtlərə əsasən həyata keçirməyə razılaşırlar.

- BOTAŞ-ın “Şahdəniz” layihəsindən satın aldığı həcmlərdən SOCAR-ın Türkiyədə fəaliyyət göstərən törəmə müəssisələrinə təbii qazı ardıcıl əsasda təchiz etməsi (“Ardıcıl alqı-satqı müqaviləsi”).

- BOTAŞ-a məxsus təbii qazın Türkmənistandan İran, Azərbaycan və (və ya) Gürcüstan ərazisi vasitəsilə Türkiyəyə çatdırılması (“Türkmənistan qazının tranziti”).

- İğdır-Naxçıvan kəməri vasitəsilə Naxçıvana təbii qazın təchizatı (“Naxçıvana təchizat”).

Sazişə əsasən, SOCAR və BOTAŞ-ın “40-60 prinsipi” əsasında qaz alqı-satqısı müqaviləsi bağlamalarını təmin edirlər.

Alqı-satqı müqaviləsi

Sazişə əsasən, BOTAŞ “Şahdəniz” layihəsindən aldığı təbii qazdan 2025-2028-ci illər ərzində illik 1,7 milyard kubmetrədək təbii qazın SOCAR-ın Türkiyədəki törəmə müəssisəsinə çatdırır.

Hər çatdırma ili üzrə SOCAR-ın törəmə müəssisəsi üçün təbii qazın illik müqavilə həcmlərinin 1,1 milyard kubmetri TANAP çatdırılma məntəqəsində, yerdə qalan 0,6 milyard kubmetr qaz həcmi ya TANAP çatdırılma məntəqəsində, ya da texniki imkanlardan asılı olaraq Türkgözü çatdırılma məntəqəsində çatdırılır və bu, SOCAR və BOTAŞ-ın qarşılıqlı razılığı əsasında müəyyən edilir.

BOTAŞ-ın çatdıracağı təbii qaz həcmləri üçün qiymət BOTAŞ-ın “Şahdəniz” layihəsindən aldığı təbii qazın qiymətinin və BOTAŞ-ın müvafiq giriş məntəqələrindən həcmlərin çatdırılması ilə bağlı yaranan hər hansı aidiyyəti daşınma xərclərinin cəminə mütənasib olur.

Əlavə qayda və şərtlər BOTAŞ və SOCAR-ın Türkiyədəki törəmə müəssisəsi arasında 2025-2028-ci illər üçün imzalanacaq müqavilələrlə müəyyən edilir.

Türkmənistan qazının tranziti

Sazişə əsasən, rəsmi Bakı və Ankara razılaşırlar ki, BOTAŞ və SOCAR, SOCAR-ın BOTAŞ tərəfindən Türkmənistandan alınan və BOTAŞ-a Türkgözü çatdırılma məntəqəsində yenidən çatdırılacaq təbii qazın Azərbaycan və Gürcüstanın ərazisi vasitəsilə tranzitini 2026-cı ilin sonunadək təmin edəcək.

Naxçıvanın təbii qazla təchizatı sahəsində tarixi hadisə

Sənədə əsasən, Azərbaycanın Naxçıvan Muxtar Respublikasının enerji təhlükəsizliyinin dəstəklənməsi məqsədilə, SOCAR (və ya Azərbaycan Hökuməti tərəfindən səlahiyyət verilmiş digər müvafiq qurumlar) və BOTAŞ (və (və ya) onun müvafiq törəmə müəssisəsi) Türkgözü çatdırılma məntəqəsi və (və ya) Eskişehir çatdırılma məntəqəsi (çatdırılma məntəqəsi SOCAR-ın seçimindən asılıdır) vasitəsilə BOTAŞ-ın operatoru olduğu Türkiyə təbii qazötürücü sistemi və Naxçıvan Muxtar Respublikası istiqamətində İğdır-Naxçıvan kəməri vasitəsilə Azərbaycandan Naxçıvana təbii qazın təchizatı barədə saziş bağlayacaqlar.

Məntəqələr genişləndiriləcək

Sazişə əsasən, tərəflər Türkiyədən xaricə daha çox təbii qaz həcmlərinin axınını təmin etmək üçün Malkoçlar və Kipi çıxış məntəqələri ilə həmsərhəd olan üçüncü ölkələrdə təbii qazın ötürülməsi infrastrukturlarının genişləndirilməsinin təşviqinə və dəstəklənməsinə dair birgə səy göstərməyə razılaşırlar.

TANAP-ın genişləndirilməsi

Sənəddə yazılıb ki, Azərbaycan hökuməti CQBK-ni və potensial olaraq TANAP-ı genişləndirmək məqsədini və genişləndirilmiş ötürücülük qabiliyyətinin ən qısa müddətdə mövcud olması niyyətini ifadə edir.

Tərəflər, ötürücülük qabiliyyətinin nəzərdə tutulan genişlənməsinə nail olmaq məqsədilə müvafiq şirkətlər tərəfindən həyata keçiriləcək hər hansı fəaliyyətləri asanlaşdırmaq üçün əməkdaşlıq etməyə razılaşırlar.

Rollover qaz təchizatı müqaviləsindən sonrakı təchizat

Azərbaycan hökuməti Rollover qaz təchizatı müqaviləsinin müddətinin bitməsindən sonra Türkgözü çatdırılma məntəqəsində BOTAŞ-a 2028-ci ilin sonunadək eyni həcmlərdə təbii qazın təchizatını təmin edir.

Mübahisələrin həlli

Bildirib ki, bu sazişin təfsiri və ya tətbiqi zamanı yarana biləcək hər hansı mübahisələr tərəflər arasında məsləhətləşmələr və danışıqlar yolu ilə dostcasına həll edilir.

Qeyd edək ki, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təbii qaz sahəsində əməkdaşlıq Sazişi” 2024-cü il mayın 24-də İstanbulda imzalanıb.

Sənədi Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar imzalayıb.

Azərbaycan Prezidenti İlham Əliyev 2024-cü il iyulun 8-də sazişi təsdiqləyib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev bu gün - martın 5-də Türkiyəyə səfər edəcək.

Səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti əsasında həyata keçirilir.

Ankarada Prezident Sarayında keçiriləcək görüşlərdə Türkiyə və Azərbaycan arasındakı qardaşlıq bağlarının daha da gücləndirilməsi üçün atıla biləcək addımlar, eləcə də aktual regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılması nəzərdə tutulur.

Səfər çərçivəsində, həmçinin, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan canlı bağlantı ilə İğdır-Naxçıvan qaz boru kəmərinin açılış mərasiminə qatılacaqlar.

Kəmərin təməlini 25 sentyabr 2023-cü ildə dövlət başçıları birlikdə qoyublar.