
BAKI, 5 mart .TELEQRAF
Martın 5-də “Şahdağ”da keçirilən Avrasiya Dağ Kurortları Festivalı çərçivəsində Alyansın üzv dövlətlərinin təlimçiləri arasında xizək yarışının qalibləri bəlli olub.
Teleqraf-ın Şahdağa ezam edilən əməkdaşının verdiyi məlumata görə, yarışın keçirilməsinin əsas məqsədi alyansın üzv dövlətləri ilə idman sahəsində əməkdaşlıq əlaqələrini inkişaf etdirmək, ölkələr arasında təcrübə mübadiləsi aparmaq və xizək və snoubord idman növlərinə marağı artırmaq olub.
Turnirdə Şahdağ, Özbəkistanın Amirsoy, Qazaxıstanın Şımbulak və Oy Qaraqay, Rusiyanın Roza-Xutor Dağ Kurortlarından 50-ə yaxın xizəkçi slalom disiplini üzrə birincilik uğrunda mübarizə aparıblar. Yarışda iştirak edən Azərbaycanlı təlimçilər də uğurlu nəticələr əldə ediblər. Mariya Şerstyuk öz kateqoriyasında 2-ci yerə çıxaraq gümüş medal qazanıb, Nurlan Abdulov isə 3-cü yeri tutaraq bürünc medal əldə edib.
Yarışın nəticələrinə görə, 35 yaşa qədər qadınlar arasında birinci yeri Kristina Lisicenko (Rusiya) tutaraq qızıl medal qazandı, 2-ci yeri Mariya Şerstyuk (Azərbaycan) tutub və gümüş medal əldə edib, 3-cü yeri isə Kseniya Radionova (Qazaxıstan) tutub və bürünc medal qazanıb. 35 yaşa qədər kişilər arasında İlin Roman (Rusiya) birinci olub və qızıl medal qazanıb, 2-ci yeri Prokopev İlya (Rusiya) tutub və gümüş medal əldə edib, 3-cü yeri isə Smirnov Aleksandr (Rusiya) qazanıb və bürünc medal əldə edib.
35 yaşdan yuxarı qadınlar arasında birinci yeri Lapşina Nataliya (Qazaxıstan) qazanıb və qızıl medal əldə edib, 2-ci yeri Şamsuddinova Tatyana (Qazaxıstan) tutub və gümüş medal qazanıb, 3-cü yeri isə Svetlana İlyukina (Qazaxıstan) tutub və bürünc medal qazanıb. 35 yaşdan yuxarı kişilər arasında birinci yeri Astepenko Artyom (Rusiya) tutub və qızıl medal qazandı, 2-ci yeri Pentyukov Aleksandr (Rusiya) tutub və gümüş medal əldə edib, 3-cü yeri isə Nurlan Abdulov (Azərbaycan) tutub və bürünc medal qazandı.
Yarışın sonunda qaliblər kubok və medallarla təltif edilib, onlara müxtəlif həvəsləndirici hədiyyələr təqdim olunub.