BAKI, 5 mart. TELEQRAF

Sumqayıt Sənaye Parkında ilkin mərhələdə 5 ədəd elektrikli avtobus yığılacaq.

Bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyinin mətbuat katibi Elçin Kazımov Teleqraf-ın sualına cavabında deyib.

O, istehsal üçün infrastrukturun qurulduğunu, avadanlıqların quraşdırılmasının aprel ayında tamamlanacağını və ilk avtobusların sentyabrda yığılacağını deyib.

Qeyd edib ki, müəssisənin illik istehsal gücü 500 avtobusdur. Layihənin dəyəri 29 milyon manatdan çox olacaq və 600 nəfərin işlə təmin olunması nəzərdə tutulub.

Layihə ümumilikdə 2 mərhələdən ibarətdir. Birinci mərhələdə avtobusların müəyyən hissələrinin sənaye üsulu ilə yığımı həyata keçiriləcək, növbəti mərhələdə bütün hissələrin yığımı baş tutacaq.

Növbəti ildən etibarən lokallaşdırma işlərinin daha da dərinləşdirilməsi və 2030-cu ilə qədər BYD markalı elektrik avtobuslara olan təlabatın 40%-nin lokallaşdırılma hesabına ödənilməsi nəzərdə tutulur.

Elçin Kazımov qeyd edib ki, layihənin həyata keçirilməsi ictimai nəqliyyatın yaşıllaşdırılmasına, avtobus parkının yenilənməsinə xidmət göstərməklə yanaşı, əhalinin məşğulluğunun təmin edilməsinə töhfə verəcək.

İstehsal olunacaq avtobuslar ilkin mərhələdə Bakı şəhərində müntəzəm şəhərdaxili (qəsəbədaxili) sərnişin daşımalarında istifadə ediləcək, növbəti mərhələdə isə regionlarda ictimai nəqliyyatın yenilənməsinə xidmət göstərəcək.

Azərbaycanda istehsal ediləcək elektrikli avtobusların satış qiyməti ölkəyə idxal edilən avtobusların satış qiymətindən aşağı olacaq.