
TBİLİSİ, 5 mart. TELEQRAF
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, tərəflər iki ölkə arasında siyasi, o cümlədən ticarət-iqtisadi əlaqələrin daha da dərinləşdirilməsi məsələlərini müzakirə ediblər.
Görüşdə Orta Dəhlizin inkişafında Gürcüstan və Özbəkistan arasında qarşılıqlı əlaqələrə və əməkdaşlığın əhəmiyyətinə diqqət çəkilib. Baş nazir Gürcüstanın tranzit funksiyasının daha da gücləndirilməsinə yönəlmiş layihələrdən danışıb.
Müzakirələr zamanı Gürcüstandakı investisiya mühiti və investorlara təklif olunan imkanlar da nəzərdən keçirilib. Bu kontekstdə turizm, enerji, daşınmaz əmlak, istehsal, logistika və informasiya texnologiyaları sahələrində investisiya potensialı qeyd edilib.
Tərəflər, həmçinin turizm, təhsil, mədəniyyət və idman sahələrində əməkdaşlığın daha da dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər.
Söhbət zamanı iki ölkə arasında beynəlxalq və çoxtərəfli formatda əməkdaşlığa da toxunulub.