TOVUZ, 5 mart. TELEQRAF

“Bütün mövqelərə baxdıqda, yenilənməyə ehtiyac var”.

Teleqraf xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının XXV turunda səfərdə “Kəpəz”ə 0:1 hesabla məğlub olduqları oyundan sonra mətbuat konfransında deyib.

47 yaşlı mütəxəssis oyun barədə bu sözləri deyib:

“Qol buraxdıq amma vura bilmədik. Hücumçularımız “dişsizdir”, epizodlarda baş çıxara bilmədilər. Ələlxüsus da Ağadadaş Salyanski. Ona görə də uduzduq".

Baş məşqçi buraxılan qol epizodunu xatırlamadığını bildirib: “Ümumiyyətlə, haradan başladı necə bitdi baxmaq lazımdır. Ağadadaş Salyanski ilə başladı səhv etmirəmsə. Tam xatırlaya bilmirəm. Qola baxıb sonra şərh etməliyəm”.

Samir Abbasov heyətin yenilənməli olduğunu vurğulayıb: “Bütün mövqelərə baxdıqda, buna ehtiyac var. Sadəcə indi bu barədə danışmaq gec və yersizdir. Bəlkə də təkbətək etdiyimiz səhvləri kollektivlə sığortalamışdıq. Amma bu gün edə bilmədik. İlk hissədə Ağadadaş Salyanskidən narazı qaldım. Bu gün akademiyadan çıxan uşaqlar özlərinə qarşı olan rəyi də yerə vururlar. Bu gün rəqibdə Paçu Lira var idi, hücumçu olduğu hiss olunurdu. Amma bizdə hiss olunmurdu. Fasilədə də Ağadadaşa bunu dedim. Bir oyunçunun da üstünə düşmək istəmirəm. Topu rahat vəziyyətdə itirmək olmaz. Oyundan nəticə çıxartmalıyıq”.

O, daha sonra yenidən VAR haqda söz açıb: “Şəxsi fikrimdir. Futboldan VAR-ı rədd eləmək lazımdır demişdim. Qol vurulur, sonra sayılmır. Bildiyim qədərilə, İsveç VAR sistemini aradan götürüb. Şəxsi fikrimdir, istəmirəm futbolda VAR olsun. Heç istəmirəm ki, futbol texnologiyalara bağlı olsun. Ona görə cəza verilməlidir? Bəs nə haqda danışaq? Əksinə, fikirləşirdim ki, “Neftçi”nin baş məşqçisi buna toxunursa, fikri ajiotaja yaradırsa… Haqlı olaraq orada qırmızı vərəqə olduğunu düşünmürdüm. Qaydalar nə deyir? Bunları kənara qoyduq. Fikirləşirdim ki, özləri də baxarlar, başa düşərlər və maksimum bir oyun edərlər. Sambu yoxdur, onun da altından çıxacağıq. Sırf mən dedim deyə, 2 oyun edirlərsə, hara gedib çıxacaq vəziyyət? İntizam Komitəsinin mənimlə prinsipi, qərəzi var?

Qeyd edək ki, “Neftçi” XXV turdan sonra 27 xalla turnir cədvəlinin 6-cı, “Kəpəz” isə 22 xalla 9-cu pillədə yer alır.