TOVUZ, 5 mart. TELEQRAF

“Maraqlı mübarizə getdi, çox qol ola bilərdi.”

Teleqraf xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Azər Bağırov evdə "Neftçi"yə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXV tur matçından sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis çətin qələbə qazandıqlarını bildirib: “Kubok oyunu da daxil neçə görüşdür yaratdığımız qol epizodları dəyərləndirə bilmirik. “Neftçi”yə iki kubok oyununda uduzmuşduq, bu gün heyəti çox zəngin olan komandaya qarşı futbolçularımızı yaxşı motivasiya edə bilmişdik. Maraqlı mübarizə getdi, çox qol ola bilərdi. Çətin 3 xal qazandıq”.

Baş məşqçi növbəti turda qarşılaşacaqları “Sumqayıt”ın 11 oyundur qol vura bilməməsi haqda danışıb: “Mənfi şeylər bizdə daha çoxdur nəinki onlarda. “Sumqayıt” evdə oynayacaq və ehtiyat oyunçular skamyaları daha genişdir”.

O, “Sumqayıt”ın baş məşqçisi Vaqif Cavadovun mümkün istefasını belə şərh edib : “Həm ona, həm də “Sumqayıt” futboluna da hörmətimiz var. Kimisə istefaya göndərə bilmərik. Bəlkə biz istefa verdik, bilmək olmaz”.