
BAKI, 5 mart. TELEQRAF
Sumqayıt Kimya Sənaye Parkında "İveco" markalı yük avtomobillərinin istehsalı müəssisəsinin fəaliyyətə başlaması planlaşdırılır.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq İqtisadi Zonaların İnkişafı Agentliyindən məlumat verilib.
O bildirib ki, il ərzində 100 ədəd avtomobilin istehsal olunacağı müəssisənin məhsulları daxili bazarda satılmaqla yanaşı, Rusiya, Gürcüstan, Türkmənistan və İrana ixrac ediləcək. Qeyd edək ki, hazırda İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində fəaliyyət göstən sənaye zonalarında avtomobil istehsalı mövcuddur.
Hacıqabul Sənaye Parkında və Neftçala Sənaye Məhəlləsində avtomobil istehsalı həyata keçirilir. Bu zonalarda ilk avtomobil istehsalına 2018-ci ildən başlanılıb. 2018-ci ildən 2024-cü il də daxil olmaqla bu sənaye zonalarında 440 milyon manatdan çox avtomobil istehsalı həyata keçirilib.
Təkcə ötən il ərzində Hacıqabul Sənaye Parkında 107 milyon manatdan artıq 3761 ədəd avtomobil, Neftçala Sənaye Məhəlləsində isə 54 milyon manatdan çox 2182 ədəd avtomobil istehsal edilib. Avtomobil istehsalı 2023-cü illə müqayisədə təqribən 34% artıb.