BAKI, 5 mart. TELEQRAF

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin birgə təməlini qoyduğu İğdır-Naxçıvan Təbii Qaz Boru Xəttinin açılış mərasimi keçiriləcək. Bundan sonra boru xətti ilə qaz axınına başlanacaq.

Teleqraf xəbər verir ki, illik 500 milyon kubmetr qaz daşıma qabiliyyətinə malik olan xətt Naxçıvanın təbii qaz tələbatını tam şəkildə qarşılayacaq. Beləliklə, "Türk Qapısı" olaraq tanınan Naxçıvanın enerji təchizatı Türkiyə tərəfindən təmin ediləcək.

İğdır-Naxçıvan Təbii Qaz Boru Xətinin təməli, 2023-cü il sentyabrın 25-də Prezident Rəcəb Tayib Ərdoğan və Prezident İlham Əliyev tərəfindən qoyulub. Azərbaycan və Türkiyə arasında bu qaz boru kəmərinin tikintisinə dair Anlaşma Memorandumu isə 2020-ci il dekabrın 15-də Ankarada imzalanıb. Prezident İlham Əliyevin 2022-ci il 10 fevral tarixli sərəncamına əsasən isə İqdır–Naxçıvan qaz boru kəmərinin tikintisi üçün dövlət büdcəsindən vəsait ayrılıb. Layihə 2023-cü il iyunun 5-də qəbul edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın prioritet istiqamətləri sırasında yer alıb.

Boru kəmərinin İğdırdan Sədərək rayonuna qədər uzunluğu 97,5 kilometr təşkil edir. Kəmərin Azərbaycan hissəsinin uzunluğu 17,5 kilometr, Türkiyə hissəsinin uzunluğu isə 85 kilometrdir. Boru kəməri gündə 2 milyon kubmetr, ildə isə 730 milyon kubmetr qaz ötürmək qabiliyyətinə malikdir.

Eyni zamanda, gələcəkdə boru kəmərinin ötürücülük qabiliyyətini iki dəfədən çox artırmaq üçün imkanlar da mövcuddur. Layihənin idarəçiliyi isə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Türkiyənin BOTAŞ şirkəti tərəfindən həyata keçiriləcək.

Qeyd edək ki, hazırda muxtar respublikanın illik qaz istehlakı 260-300 milyon kubmetr ətrafındadır. Bu isə mövcud tələbatdan bir qədər azdır. Mühüm infrastruktur layihəsi olan İğdır –Naxçıvan qaz kəmərinin fəaliyyətə başlaması ilə Naxçıvanın “mavi yanacaq”la təchizatında əhəmiyyətli dəyişikliklər baş verəcək. Eyni zamanda, kəmərin işə düşməsi muxtar respublikanın qaz təchizatının şaxələndirilməsinə imkan yaradacaq. Məlum olduğu kimi, 2006-cı ildən Naxçıvanın təbii qazla təminatı İranla svop əməliyyatları əsasında həyata keçirilir. Əməliyyatın şərtlərinə əsasən, SOCAR Astaradan qazı İran ərazisinə ötürür, İran Culfasından isə Naxçıvana qaz verilir. Ekspertlərin fikrincə, İranın bu əməliyyat üçün müəyyənləşdirdiyi haqq çox yüksəkdir. Belə ki, Astaradan ötürülən hər min kubmetr qaza görə Naxçıvana 15 faiz az qaz verilir. Dünyada isə belə əməliyyatlar üzrə faiz dərəcəsi 5 faizdən yüksək deyil.

Yeni qaz kəmərinin işə düşməsi ilə Azərbaycan təbii qazını Qarsdan İğdıra, oradan da Naxçıvana nəql edəcək. Bununla da, muxtar respublikanın “mavi yanacağ”a getdikcə artmaqda olan tələbatının bir mənbədən asılılığı sona çatacaq. Gələcəkdə Zəngəzur dəhlizinin açılması təbii qazın bu kəmərdən əks istiqamətdə nəqlinə imkan yaradacaq. Bu isə Azərbaycan və Türkiyənin tranzit imkanlarını daha da artıracaq.

Qeyd edək ki, İğdır-Naxçıvan Qaz Boru Xətti iki ölkə arasında strateji tərəfdaşlıq çərçivəsində həyata keçirilən üçüncü qaz boru kəməri (Bakı-Tbilisi-Ərzurum və TANAP-dan sonra) layihəsidir.