
BAKI, 5 mart. TELEQRAF
Xəbər verdiyimiz kimi, ölkədə kərə yağının qiyməti bahalaşıb. “Anchor” kərə yağının qiyməti 23,50 manat, "Yeni Zelandiya" yağının qiyməti isə 22 manat olub.
Teleqraf xəbər verir ki, hazırda pərakəndə satış məntəqələrində “President” yağı (1 kq, 82%) 34, Türkiyə istehsalı “Pınar” yağı (1 kq) - 28,55, Almaniya istehsalı olan “Gerda” (1 kq) isə 27,50, “Best Cow” yağı (1 kq) - 23,19, “Westgold” (1 kq) - 23,90, Zellandiyanın “Colden Crown” yağı (1 kq) - 22,90 manata satılır.
1 ton kərə yağının idxal qiyməti 5,867.3 dollardır
Bu ilin yanvarında ölkəyə kərə yağı idxalı illik əsasda 3,3 dəfə artıb. Hesabat dövründə Azərbaycana 18 milyon 106 min dollar dəyərində 2 601.80 ton kərə yağı idxal olunub. 2024-cü ilin eyni ayında idxal dəyər ifadəsində 5 milyon 442 min dollar, cəki ifadəsində isə 1 022.47 ton olub.
Eləcə də yanvar ayında 8 863.75 ton, 13 milyon 383.37 min dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar idxal edilib. 2024-cü ilin eyni dövründə xaricdən 21 556.93 ton, 24 milyon 802.45 dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar alınmışdı. Göründüyü kimi, kərə yağından fərqli olaraq, bitki yağlarının idxalı azalıb.
Qeyd edək ki, 2024-cü ildə 1 ton kərə yağının idxal qiyməti 5,867.3 dollar, 2023-cü ildə 5 568 dollar, 2022-ci ildə, 5 828 dollar, 2021-ci ildə 5 251 dollar təşkil edib. Ən kobud hesablamalarla 1 kq kərə yağın orta idxal qiyməti 9,68 manat olub.
Ölkəyə yağlar əsasən Avropadan gətirilir
Ölkəyə xaricdən yağları əsasən "Delta Qrup C.O.” MMC, “Vest Produkt Marketinq” MMC, “Azərsun Holdinq” MMC, “Dinçer və Carçıoğlu” BM, “Gulistan Baku” MMC, “Veysəloğlu” MMC və “Lactalis Caspi” MMC gətirir. Bu şirkətlərin ticarət tərəfdaşı olan ölkələr isə İran, Yeni Zelandiya, Belarus, Ukrayna, Finlandiya, Fransa, Litva, Almaniya, İtaliya, Belçika, Niderland, Portuqaliya, Rusiya və Türkiyədir. Xüsusilə, İran və Yeni Zelandiyanın idxalda payı daha yüksəkdir. Əsas səbəblərdən biri də İrandan idxalın daha ucuz başa gəlməsidir.
Məsələn, ötən il İrandan gəytirilmiş yağın 1 kq-nın orta statistik dəyəri 8,27 manata bərabər olub. Yeni Zelandiyadan idxal edilmiş yağın orta idxal qiyməti isə 11,33 manat təşkil edib. Gömrük statistikasından belə bəlli olur ki, Azərbaycan yağı ən baha Portuqaliya və İtaliyadan alıb. 1 kiloqram yağın orta idxal qiyməti müvafiq olaraq 17,09, 15,76 dollar təşkil edib.
Yağın hər kiloqramı Latviyadan 8,86, Niderlanddan 8,64, Almaniyadan 7,66, Findlandiyadan 7,46, Türkiyədən 7,31 dollara alınıb.
İdxal güzəştləri ləğv edilib?
Verilən məlumatlara əsasən, yerli bazarda qiymət artımının səbəbi kərə yağı, süddən hazırlanmış digər yağlar və süd pastalarına idxal güzəştlərinin ləğvidir. Belə ki, Nazirlər Kabinetinin qərarı ilə 2017-ci ildən daxili bazarda kərə yağının qiymətinin artımına yol verilməməsi üçün kərə yağı, süddən hazırlanmış digər yağlar və süd pastalarının idxalına güzəşt tətbiq edilirdi. Yəni idxal olunan məhsulun statistik dəyərinin (əlavə dəyər vergisindən başqa) 15%-i həcmində deyil, 5% həcmində idxal vergisi tutulurdu. İllərdir bu qərarın qüvvədə olma müddəti uzadılırdı.
Yeri gəlmişkən, kərə yağının idxal rüsumunun 15%-dən 5%-ə endirilməsi MDB-yə daxil olmayan ölkələrdən gətirilən kərə yağlarına aid idi. Ölkəyə kərə yağının önəmli hissəsi isə Avrozonadan gətirilir və ticarət avro ilə aparılır. Avropa Statistika İdarəsinin məlumatına görə, fevralda Avropa İttifaqı (Aİ) ölkələrində kərə yağının qiyməti illik müqayisədə 30% bahalaşıb.
Avropada kərə yağı qıtlığı və bahalaşma
Almaniyada kərə yağının istehsalçı qiymətləri illik 39,8% artıb. Bu göstərici Avrozonada 2,5% olan inflyasiya səviyyəsindən xeyli yüksəkdir. Polşada da kərə yağının qiyməti gündəmdədir. Prezident seçkilərinə qədər qiymət artımını nəzarətdə saxlamaq istəyən Polşa hökuməti 2024-cü ilin dekabrında strateji ehtiyatlardan 1 102 ton kərə yağının satışa çıxarılacağını açıqlayıb. Polşanın Strateji Ehtiyatlar Agentliyi bu yağın duzsuz və dondurulmuş formada təchizatçılara kiloqramı 7 dollara satılacağını açıqlayıb.
Qiymət artımının əsas səbəblərindən biri də istehsalın azalmasıdır. Aİ ölkələrində inəklərin sayının azalması, o cümlədən, bahalı xammal, yüksək enerji və nəqliyyat xərcləri ilə mübarizə fermerlərin vəziyyətini daha da çətinləşdirir. Niderland və İrlandiya kimi mühüm süd istehsalçılarında iqlim siyasəti və artan xərclərə qarşı etirazlar intensivləşib. Bundan əlavə, son illərdə qatılaşdırılmış yemdən istifadənin artması südün yağ tərkibini azaldıb və bu da kərə yağı istehsalında qıtlıq yaradıb. Avropada supermarketlər hər müştəriyə maksimum 4 paket (hər biri 250 qram) kərə yağı satır.
Dünyada kərə yağı bahalaşır
Təkcə Avropada deyil, dünyada kərə yağının bahalaşması müşahidə edilir. Ən böyük ticarət platformalarından biri olan “Global Dairy Trade”də ("Qlobal Süd Məhsulları Ticarəti") 4 mart tarixinə olan məlumata əsasən kərə yağının 1 tonunun orta topdansatış qiyməti 7 577 dollar (1 kq 7,58 dollar, manat ekvivalentində 12,89 manat) olub. Fevralın 18-də kərə yağının 1 tonunun orta topdansatış qiyməti 7 378 dollar (1 kq 7,4 dollar və ya 12,6 manat) təşkil edib.
09:27
Mağazalarda yağ bahalaşıb.
Teleqraf xəbər verir ki, “Anchor” kərə yağının qiyməti 23.50 manat, "Yeni Zelandiya" yağının qiyməti isə 22 manat olub.
Beş litrlik duru yağın qiyməti isə 16 manat 10 qəpik olub. 1 və 2 litrlik duru yağların qiymətində 30-35 qəpik artım var.