BAKI, 5 mart. TELEQRAF

Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti Azərbaycan hökuməti ilə birlikdə Akkumulyator Enerji Saxlama Sistemi (BESS) layihəsinin növbəti mərhələsinə başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə "ACWA Power"in Azərbaycandakı biznesin inkişafı üzrə direktoru Polina Lyubomirova məlumat verib.

Polina Lyubomirova bildirib ki, şirkət Energetika Nazirliyi, Bərpa Olunan Enerji Mənbələri üzrə Agentlik və “Azərenerji” ASC ilə sıx əməkdaşlıq edərək layihənin inkişafını irəlilətmək məqsədini güdür. O, layihənin bərpa olunan enerji sektorunun genişləndirilməsi baxımından ölkə üçün strateji əhəmiyyət daşıdığını vurğulayıb.

Lyubomirova, "ACWA Power"in kompleks biznes modelinin enerji saxlama sahəsində əlavə dəyər yaratdığını və hazırda dünya üzrə altı giqavatt-saata yaxın tutumu olan layihələrin istismar, tikinti və müqavilə bağlanması mərhələlərində olduğunu qeyd edib. O, yüksək sürətli akkumulyator enerji saxlama sistemlərinin Azərbaycanın enerji sisteminə tətbiqinin iqtisadi cəhətdən səmərəli olduğunu bildirib.

Layihənin, neft və qaz istehlakını azaldaraq bərpa olunan enerji mənbələrinin istifadəsini daha da artıracağı vurğulanıb. Şirkət və Azərbaycan hökuməti hazırda layihənin növbəti mərhələsinə keçid üzrə işlər aparır.

Qeyd edək ki, 2024-cü ilin may ayında "ACWA Power" və Azərbaycanın Energetika Nazirliyi 200 MVt gücündə BESS layihəsinin həyata keçirilməsi ilə bağlı saziş imzalayıb.