
BAKI, 28 fevral. TELEQRAF
Ramazan ayı müsəlmanlar üçün böyük əhəmiyyət kəsb edir. Oruc tutmağın dini ibadətlə yanaşı, həm də insan sağlamlığı üçün bir sıra müsbət təsirləri var. Lakin düzgün qaydalara riayət olunmadıqda, oruc orqanizm üçün problemlər yarada bilər.
Həkim-dietoloq Ləman Süleymanova Teleqraf-a açıqlamasında bildirib ki, imsakda düzgün qidalanmaq gün ərzində enerjili qalmaq üçün vacibdir:
“İslam dininin qaydalarına əsasən, sübh namazından öncə imsak edilir və gün ərzində heç bir qida qəbul olunmur. Tibbi baxımdan isə imsakın xüsusi əhəmiyyəti var. Çünki səhər erkən oyanmaq və balanslı qidalanmaq gün ərzində enerjili olmaq üçün vacibdir. Oruc tutan şəxslər elə qidalar qəbul etməlidir ki, gün ərzində orqanizmin su tələbatını ödəyə bilsin. Orucdan əvvəl ilk növbədə maye qəbul edilməli, 5 dəqiqə sonra isə qidalanmaya başlanmalıdır. İmsakda maye qəbulu ilk növbədə yerinə yetirilməlidir. Beş dəqiqə sonra isə yumurta, tərəvəzlər, kəsmik və duzsuz pendir kimi məhsullar qəbul yeyilməlidir. Duzlu və yağlı qidalardan uzaq durmaq lazımdır, çünki bunlar gün ərzində susuzluğa səbəb ola bilər.”
Mütəxəssis imsak və iftar zamanı tövsiyə olunan qidaları da qeyd edib:
İmsakda: yumurtadan ibarət menyu, tərəvəzlər, duzsuz pendir, kəsmik, yulaf kimi qidalar üstünlük təşkil etməlidir.
İftarda: əvvəlcə su və xurma qəbul edilməli, daha sonra sulu yeməklərə üstünlük verilməlidir. İftardan 30 dəqiqə sonra isə bitki çayı içmək faydalıdır.
Həkim şəkərbura, paxlava kimi şirniyyatların nə tibbi, nə də dini baxımdan doğru olmadığını bildirib:
“Dində bu, israfçılıq sayılır, tibbi baxımdan isə orqanizm üçün zərərlidir. Oruc zamanı ən yaxşı seçim xurma və sudur. Çünki xurma orqanizmin ehtiyac duyduğu təbii şəkərlə zəngindir.”
Mütəxəssis əlavə edib ki, 15 yaşına qədər uşaqlara, süd verən analara, yaşlılara oruc tutmaq məsləhət görülmür. Hamilə qadınlara isə isti aylarda oruc qadağandır, lakin qış aylarında sağlamlığa zərər vermədiyi halda, oruc tuta bilərlər.
Hacı Təyyar Hüseynli: “Oruc ilahi bir göstərişdir”
İlahiyyatçı Hacı Təyyar Hüseynli bildirib ki, oruc islamın beş əsas ibadətindən biridir və Qurani-Kərimdə xüsusi vurğulanır. Onun sözlərinə görə, oruc insanın nəfsini tərbiyə etməsi, səbrli olması və mənəvi yüksəliş əldə etməsi üçün vacibdir.
“Oruc tutmaq insanı israfdan çəkindirir, yoxsulların vəziyyətini anlamağa kömək edir və Allah-Təalaya yaxınlaşdırır. Bununla belə, islam dini insan sağlamlığına da xüsusi önəm verir. Xəstələr, səfərdə olanlar, hamilə və süd verən qadınlar, yaşlılar oruc tutmaqdan azaddırlar. Əgər xəstəlik və ya digər səbəblərə görə oruc tuta bilmirlərsə, fidyə verməlidirlər.”
İlahiyyatçı qeyd edib ki, unudaraq yemək və ya su içmək orucu batil etmir:“Əgər insan unudaraq yemək və ya su içərsə, orucu pozulmaz. Lakin xatırladıqdan sonra qidalanma dərhal dayandırmalıdır”
O, həmçinin orucu pozan hallara da aydınlıq gətirib:
“Orucu bilərək pozan şəxs bir gün üçün 61 gün oruc tutmalıdır və ya 60 nəfər ac insanı doyurmalıdır. Əgər xəstəlik və ya digər üzrlü səbəbdən oruc tuta bilmirsə, 1 kq unun pulunu ehtiyacı olan birinə verməlidir”.
İlahiyyatçı Əkrəm Həsənov bildirib ki, oruc insanın ruhunu və nəfsini tərbiyə edən bir ibadətdir:
“Oruc təkcə yemək və içməkdən imtina deyil. O, insanın səbrini, təqvasını və Allah-təalaya itaət ruhunu gücləndirir. Bu ibadət həmçinin insana yoxsulların vəziyyətini daha yaxşı anlamağa, israfdan çəkinməyə və mənəvi yüksəlişə nail olmağa kömək edir”.
Əkrəm Həsənov bildirib ki, Ramazan ayında mənəvi dəyərlərə xüsusi diqqət yetirmək lazımdır:
“Oruc insana nəfsini tərbiyə etməyə, səbrli olmağa və Allahın əmrlərinə daha çox diqqət yetirməyə imkan yaradır. O, həmçinin yoxsullara qarşı şəfqət hissini artırır və insanı günahlardan uzaqlaşdırır.”
Mütəxəssislər bildirir ki, Ramazan ayında həm dini, həm də tibbi qaydalara düzgün riayət etməklə fiziki və ruhi sağlamlığı qorumaq mümkündür. Oruc tutan insanlar sağlamlıqlarını nəzərə almalı, düzgün qidalanmalı və Ramazan ayının mənəvi mahiyyətini unutmamalıdırlar.