
BAKI, 28 fevral. TELEQRAF
İqtisadçı Qubad İbadoğlunun işi ilə bağlı Türkiyədə tutularaq ölkəyə gətirilən Fazil Qasımov və eyni cinayətə görə onunla mühakimə edilən Anar Əliyevin növbəti məhkəməsi keçirilib.
Teleqraf xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə prokuror təqsirləndirilən şəxslərə cəza istəyib.
O, Fazil Qasımovun 10 il, Anar Əliyevin isə 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, Fazil Qasımov 1 il əvvəl həbs edilib. O, Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.
Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu FETÖ ilə əlaqəli olmaqda ittiham olunub. Qasımovla birgə ittiham olunan Qubad İbadoğlu ibtidai istintaq dövründə sərbəst buraxılıb. Onun işi üzrə istintaq davam edir.