BAKI, 28 fevral. TELEQRAF

Zəngilan rayonu Ağalı kəndində kənd təsərrüfatı torpaqlarının icarəyə verilməsi üçün müraciətlər qəbul olunur.

Teleqraf xəbər verir ki, Zəngilan rayonu Ağalı kəndi üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün müraciətlər 1 mart – 31 mart 2025 tarixləri arasında Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) – eagro.az saytı vasitəsilə qəbul ediləcək. Bu proses, işğaldan azad edilmiş ərazilərdə torpaqların istifadəyə verilməsi çərçivəsində ilk dəfə Ağalı kəndində tətbiq olunur.

Ağalı kəndində məskunlaşan sakinlər EKTİS-də qeydiyyatdan keçərək, “Ağalı” seçimi ilə ərizə formasını dolduraraq müraciət edə bilərlər.

Qeyd edək ki, müraciət edən şəxslərlə müqavilələr 1 aprel – 31 may tarixləri arasında imzalanacaq.İcarə müqavilələrinin müddəti birillik bitkilər və yonca üçün 2 il, çoxilliklər üçün 5 il təşkil edəcək və istifadə nəticələrinə müvafiq olaraq uzadılacaq.