BAKI, 28 fevral. TELEQRAF

Martın 1-dən Türkmənistan qazının Türkiyəyə nəqlinə başlanılır.

Teleqraf xəbər verir ki, Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar bildirib ki, ilin sonuna qədər idxal ediləcək 1,3 milyard kubmetr qaz 1,5 milyon ev təsərrüfatının ehtiyacını qarşılayacaq.

Bu yöndə BOTAŞ və "Türkmənqaz" şirkətləri arasında qaz tədarükü müqaviləsi imzalanıb. Razılaşma müddəti 5 ilə qədər uzadıla bilər.

Türkiyəli nazirin sözlərinə görə, Türkiyə 20 ildən sonra ilk dəfə sərhəd qonşusu olmadığı ölkədən boru kəməri vasitəsilə qaz nəql edəcək. Mübadilə üsulu ilə reallaşacaq tədarük prosesi Türkiyənin uzunmüddətli enerji strategiyasına birbaşa töhfə verəcək.

Türkmən qazının Türkiyəyə gətirilməsi ölkənin qaz təchizatının şaxələndirilməsi və idxal portfelinin genişləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Bayraktar bildirib ki, bu proses Türkiyənin qaz ticarət mərkəzi olmaq məqsədini gücləndirən mühüm addımlardan biridir.

Qeyd edək ki, Türkmən qazı "Devletabad-Serahs-Həngəran" Təbii Qaz Boru Kəməri vasitəsilə İrana ötürüləcək və mübadilə yolu ilə İran-Türkiyə sərhədindəki Gürbulak nöqtəsindən Türkiyəyə çatdırılacaq.

Xatırladaq ki, ötən ilin martın 1-də Türkmənistan qazının Türkiyəyə tədarükü ilə bağlı BOTAŞ və "Türkmənqaz" arasında razılıq əldə olunmuşdu.