BAKI, 24 fevral. TELEQRAF

BP yaşıl enerjiyə keçid strategiyasında ciddi geriləmə ilə üzləşib. Şirkət azalan mənfəəti fonunda investorların təzyiqi və satınalma riski ilə mübarizə aparır.

Teleqraf xəbər verir ki, bu barədə "The Telegraph" məqalə dərc edib.

Məqalədə qeyd edilib ki, BP-nin sabiq direktoru Bernard Luni 2020-ci ildə neft və qaz hasilatını 40% azaltmaq və bərpa olunan enerjiyə keçid etmək öhdəliyi götürsə də, bu strategiya şirkətin maliyyə göstəricilərinin zəifləməsinə gətirib çıxarıb.

Qlobal enerji böhranı səbəbindən 2022-ci ildə rekord mənfəət əldə edən BP səhmdarlara ödənişlərdə geri qalaraq bərpa olunan enerji layihələrini dayandırmaq məcburiyyətində qalıb.

Hazırda şirkət günəş və külək enerjisinə investisiyaları tamamilə kəsib. ABŞ-dəki 10 külək elektrik stansiyalarını satışa çıxarıb.

BP 2024-cü ildə 8,9 milyard dollar mənfəət əldə etdiyini açıqlayıb ki, bu da 2023-cü ildəki 13,8 milyard dollardan aşağı gəlirdir. Eləcə də pandemiyadan bəri ən zəif göstəricidir. Buna cavab olaraq, BP şirkətinin yeni baş icraçı direktoru Mürrey Aukinklos yeni neft və qaz hasilatı dalğası vəd edib.

O cümlədən şirkətin Meksika körfəzində altıncı mərkəzinin yaradılması planlaşdırılır. Kaskida yataqdan yaxın zamanda gündəlik 80 min barel xam neft hasilatı proqnozlaşdırılır.

Həmçinin İraq, Hindistan, Braziliya, Misir və Böyük Britaniyanın Şimal dənizində yeni layihələr nəzərdə tutulub. Ümumilikdə BP-nin neft hasilatının 2030-cu ilə qədər illik 2-3% artırılacağı açıqlanıb.

Analitiklərin fikrincə, bütün bunlar Luni tərəfindən miras qoyulmuş neft strategiyasına tamamilə ziddir. BP neft və qaz sektoruna tam miqyaslı dönüş edir.

Təzyiqi artıran digər bir faktor isə “Elliott”un BP-də 3,8 milyard funt sterlinq dəyərində səhmdarlıq payı almasıdır. Bu da satınalma və ya parçalanma ehtimallarını artırır.

Belə ki, bəzi investorlar Luninin yaşıl keçidini dəstəkləyən İdarə Heyətinin Sədri Helge Lundun istefasını tələb edirlər.

"The Telegraph"a görə, Ukrayna-Rusiya arasında sülh danışıqları uğurla nəticələnərsə, BP-nin “Rosneft” şirkətində dəyərdən düşən payı da maliyyə qazancı gətirə bilər.