
BAKI, 24 fevral. TELEQRAF
Avropadakı yeraltı qaz anbarlarında ehtiyatlar 41%-dən aşağı düşüb və fevral ayındakı çıxarılma həcmi son dörd ilin müvafiq dövrü üçün rekord göstəricidir.
Teleqraf xəbər verir ki, bu barədə Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyası (Gas Infrastructure Europe, GIE) məlumat yayıb.
Bildirilib ki, yeraltı qaz anbarlarında azalma son 4 ilin maksimumuna çatıb.
İstilik mövsümünün əvvəlindən Avropa İttifaqı yeraltı qaz anbarlarından təxminən 64 milyard kubmetr qaz çıxarıb. Bu da payız-qış dövrü üçün anbarlara vurulan həcmləri xeyli üstələyir.
Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyasının məlumatına görə, fevralın 22-də Aİ ölkələrindəki yeraltı qaz anbarlarından 382 milyon kubmetr qaz çıxarılıb. Eyni zamanda, vurulan qaz həcmi 81 milyon kubmetr olub.
Onu da qeyd edək ki, Avropada istilik mövsümü 2024-cü ilin oktyabr ayının 29-da başlayıb. Ötən il martın 31-də mövsüm başa çatan zaman ehtiyatlar 58,44% təşkil edirdi. Hazırda Avropanın yeraltı qaz anbarları 40,76% doluluq səviyyəsindədir. Bu da son beş ilin eyni tarix üçün orta göstəricisindən 11,15 faiz bəndi aşağıdır. Nisbi göstəriciyə görə, bu səviyyə təkcə son payız-qış mövsümünün sonunda deyil, həm də 2010-2011, 2011-2012, 2013-2014, 2019-2020 və 2022-2023 istilik mövsümlərinin sonundakı göstəricidən aşağıdır.
Qeyd edək ki, İttifaq ölkələri üçün ən çətin illər 2018 və 2022-ci illər olub. Çünki həmin illərdə istilik mövsümünün sonunda ehtiyatlar kritik həddə – müvafiq olaraq 18%-dən və 26%-dən aşağı düşüb (hətta anbarlarda tələb olunan təzyiqi qorumaq üçün istifadə edilən bufer qazın çıxarılmasına ehtiyac yaranıb).
Görünən odur ki, Avropa hələ də alternativ enerji ilə təminat hədəflərinə nail ola bilməyib. Yanvarda külək enerjisinin İttifaqın elektrik enerjisi istehsalında payı orta hesabla 21% təşkil edirdisə, fevralda isə bu göstərici cəmi 12% olub.
Soyuq hava, azalan təchizat fonunda təbii qazın satış qiymətləri yüksəlməkdədir. 2024-cü ilin dekabrında təbii qazın 1 000 kubmetri 489 dollar təşkil edirdisə, bu ilin yanvarında həmin rəqəm 518 dollar, fevralda isə 562 dollar olub.
Fevralda terminallardan Avropanın qaz nəqli sisteminə LNG tədarükü rekord səviyyədədir. Hazırda mayeləşdirilmiş qazın yenidən qazlaşdırılması və onun Avropa boru kəmərlərinə ötürülməsi gücü maksimum səviyyəsinin 47%-i həcmində yüklənib.