
BAKI, 24 fevral. TELEQRAF
"Oyun barədə çox söz deməyə ehtiyac yoxdur. Özünüz hər şeyi gördünüz. Rəqibi təbrik edir, uğurlar arzulayıram".
Teleqraf xəbər verir ki, bunu "Kəpəz"in baş məşqçisi Azər Bağırov səfərdə "Zirə"yə 0:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXIV tur oyunundan sonra mətbuat konfransında deyib. Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb:
- Şərtlər hər iki tərəf üçün eyni deyildi?
- Xeyr, şərtlər hər iki tərəf üçün eyni deyildi. Biz bura çatanda, xəbər etdilər ki, oyun saat 18:00-a keçirilib. Biz də getmişik, geri qayıtmışıq. Halbuki biz Zirəyə çatmışdıq. 2-3 saat futbolçular gəzib, kofe içib. Biz səfər komandasıyıq. Bir gün əvvəl gəldiyimiz üçün məşq etməyə meydança tapa bilmədik. Meydança qar idi. Dünən yenə məşq etmədik. Bu cür palçıqda isə oyuna çıxdıq. Məncə, bunlar insan resurslarını mənimsəməkdir. Futbolçu iki gün məşq etmir, palçıqda çətin oyuna çıxır. Nəzərə də alınmırdı ki, bu adam 12:30-da yemək yeyib və 19:00-da oyuna çıxır. Bunların hamısını düşünmək lazım idi.
- Üç gündən sonra Bakıda "Neftçi"yə qarşı Azərbaycan Kubokunun 1/4 final mərhələsində cavab oyununuz var. Gəncəyə geri qayıdacaqsınız, yoxsa elə paytaxtda qalacaqsınız?
- "Zirə" burada bərpa keçəcək, oynayacaq. Amma biz yenidən Gəncəyə qayıdıb, yenə də Bakıya gəlməliyik. Bu, faktiki olaraq, futbolçuların istismarı deməkdir. Bu, elə pis mənada futbolçuları sındırmaqdır. Furbolçunun bərpası necə olacaq, kimə nə verəcəyik? "Zirə" kimi geniş heyətimiz də yoxdur. Şükür Allaha, bu gün hələ 1 oyunçumuz zədələndi, o da bazada. Bir-iki futbolçuda da problem var. Nə bilim... Çox söz danışmaq olar. Futbolçu da insandır. Oyun keçirilsin deyə, sındırmalıyam? Nəzərə almaq lazım idi ki, futbolçu ilk növbədə insandır. İki gün məşq etmə və oyuna çıx. Necə olacaq? Belə.