
BAKI, 24 fevral. TELEQRAF
Ukrayna baş nazirinin birinci müavini Yuliya Sviridenko Rusiyanın nəzarətində olan ərazilərdə təxminən 350 milyard dollar dəyərində mineral ehtiyatların olduğunu açıqlayıb.
Teleqraf xəbər verir ki, bu ehtiyatlara Ukraynanın titan, litium, uran və nadir torpaq metalları daxildir.
“Bizim vəzifəmiz təkcə bu xammalı ixrac etmək deyil, həm də yataqların emalı və işlənməsinə investisiya cəlb etməkdir. Bizim qarşımızda böyük bir vəzifə dayanır" deyə, Yuliya Sviridenko qeyd edib.
Qeyd edək ki, "Forbes Ukraine" ölkənin mineral ehtiyatlarını 15 trilyon dollar dəyərində qiymətləndirib.
Xatırladaq ki, "The Washington Post" 2022-ci ildə analitiklərə istinadən, Rusiyanın nəzarəti altında olan ərazilərdə 12,4 trilyon dollar dəyərində mineral ehtiyatların olduğunu yazmışdı.
Rusiya Elmlər Akademiyasının müxbir üzvü Arkadi Tişkov "RBC"ya açıqlamasında 2022-ci ildə faydalı qazıntı yataqlarının cəmləşdiyi ərazilərin Rusiyanın nəzarətinə keçdiyini bildirib. Onun sözlərinə görə, bu ərazilərdə Ukraynanın 60% kömür, 11% neft, 24% qaz, eləcə də digər mühüm ehtiyatları var.
ABŞ Geoloji Xidməti isə milli təhlükəsizlik və iqtisadiyyat üçün ən vacib 50 resursun Ukrayna ərazilərində olduğunu açıqlayıb. Bunlara berillium qrafit, litium, manqan, titan və sirkonium daxildir.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Ukraynaya nadir torpaq metalları müqabilində yardım etməyi təklif edib.