BAKI, 24 fevral. TELEQRAF

“Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ (AZSTAND) tərəfindən AZS IEC 62512:2025 “Məişət qurutma funksiyalı elektrik paltaryuyan maşınlar - Effektivliyin ölçülməsi üsulları” dövlət standartı qəbul edilib.

Bu barədə Teleqraf-a AZSTAND-dan məlumat verilib.

Bildirilib ki, sözügedən standart tekstil məmulatlarının yuyulması və qurudulması funksiyasına malik məişət kombinə edilmiş paltaryuma-qurutma maşınlarının sınaqdan keçirilməsi üsullarını müəyyən edir.

Bu standartın tətbiqi məişət paltaryuma-qurutma avadanlıqlarında enerji istehlakı ilə bağlı xərclərin azaldılması və daha rəqabətqabiliyyətli qiymətlərin təklif edilməsinə imkan yaradacaq.

Qeyd edək ki, yeni dövlət standartı “Elektroenergetika və bərpa olunan enerji” standartlaşdırılması üzrə Texniki Komitədə (AZSTAND/TK 46) müzakirəyə çıxarılıb və İnstitut tərəfindən qəbul edilərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.