BAKI, 24 fevral. TELEQRAF

“Bu cür yüklənmədən sonra yenə də yaxşı futbol oynamaq üçün şərait vardı. Amma bilirik ki, meydançamız çox zədələndi. Görək, 3 gün sonra nə vəziyyətdə olacaq”.

Teleqraf xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəçad Sadıqov Azərbaycan Premyer Liqasının XXIV turunda evdə “Kəpəz”i 2:0 hesabı ilə məğlub etdikləri matçdan sonra mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis çətin hava şəraitində qazanılan qələbədə təkcə komandasının əziyyət çəkmədiyini bildirib: “Hər iki komandanın futbolçularını təbrik edirəm. Fərqi yox idi, bu gün nəticə necə olsaydı, yenə bu fikirdə olacaqdım. Dünən oyunun başlamasına bir neçə dəqiqə qalmış matç təxirə salındı. Bu gün stadiona gəldikdə, görürük ki, oyun iki saat, daha sonra bir saat təxirə salınır. Belə durumda meydana çıxıb motivasiya ilə futbol oynamaq çox çətindir. Amma hər iki komandanın futbolçuları əzmkar mübarizə aparırdı. Bugünkü qələbə bizim üçün olduqca vacib və önəmli idi. Bu qələbəni tək meydanda olan futbolçular yox, “Zirə” ailəsi ilə birlikdə qazandıq. Səhər saatlarından istər azarkeşlər, istər stadion işçiləri, istərsə də idarə heyəti hamılıqla meydançanın oyuna hazırlanması üçün əziyyət çəkirdi. Çox şükür ki, sonda qələbə qazandıq və bu əziyyətin bəhrəsini gördük".

Sadıqov futbolçularına qələbəyə görə təşəkkür edib: "Baxmayaraq ki, həm dünən, həm bu gün oyunun ertələnməsi, qarşıdakı əzmkar və son beş oyundan birində məğlub olan rəqiblə yaxşı futbol oynadıq. Çox vacib qələbə qazandıq”.

Baş məşqçi bu qələbəni unudub qaşıdakı matçlara hazırlaşacaqları qeyd edib: “Üç gün sonra “Araz-Naxçıvan”la kubok oyunu, daha sonra növbəti tur “Turan Tovuz”la səfər matçımız var. Bizi bir-birindən vacib oyunlar gözləyir. Ardından evdə “Səbail”lə matçımız olacaq. İstirahət etməyə, qələbələri qeyd etməyə çox vaxtımız yoxdur. Ən vacibi - qələbə qazansaq belə, növbəti oyuna hazırlaşmaqdır. “Zirə” ailəsinə təşəkkür edirəm. Dünən o qədər qar yağmasına baxmayaraq, meydançamızın bu gün bu vəziyyətdə olması bir daha bizim klubumuzun və stadionun işçilərinin əməyidir. Daim stadionumuza yaxşı baxırdıq. Növbəti oyunumuzun da problemsiz keçiriləcəyinə ümid edirəm”.

Təcrübəli mütəxəssis bu yaxınlarda komandadan ayrılan Fillip Pahtmann barədə də danışıb: “Ona yetərincə şans verdik. Çox istədiyim futbolçu və insandır. Sonda hər iki tərəf qərara gəldi ki, ayrılaq. Pahtman sağlam olsaydı, yenə də bizimlə olacaqdı. Sadəcə, zədəsi sağalmamışdı və uzun müddət sonra bərpa olunmalı idi. Həm özü, həm də komanda üçün bunun faydalı olacağını düşündük. Ona gələcək karyerasında uğurlar arzulayıram”.

Qeyd edək ki, “Zirə” 24 turdan sonra 45 xalla turnir cədvəlinin ikinci pilləsində yer alır.