BAKI, 16 dekabr. TELEQRAF
“Mançester Yunayted”in akademiya yetirmələri Harri Amass və Çido Obi baş məşqçi Ruben Amorimin klubun gənc futbolçuları ilə bağlı səsləndirdiyi tənqidi fikirlərdən sonra sosial şəbəkələrdə diqqətçəkən paylaşımlar ediblər.
Teleqraf xəbər verir ki, hər iki futbolçunun paylaşımı qısa müddət sonra silinib.
Hadisə Amorimin Kobbi Mainunun az oyun şansı alması ilə bağlı suallara cavab verərkən akademiya futbolçularını misal çəkməsindən sonra baş verib. Portuqaliyalı mütəxəssis bildirib ki, bəzi gənc oyunçular hazırda lazımi səviyyədə deyillər.
“Mainunun gələcəyinin necə olacağını bilmirəm. Oyundan sonra baxacağıq. Amass Çempionşipdə çətinlik çəkir, Çido Obi isə U-21 komandasında hər oyuna start heyətində çıxmır”, – deyə Amorim qeyd edib.
Bu açıqlamalardan sonra Harri Amass “Instagram” hekayəsində “Şeffild Uensdey”də ayın oyunçusu seçildiyi anın fotosunu paylaşaraq gülümsəyən emoji əlavə edib. Paylaşım təxminən beş dəqiqə sonra silinib. Britaniya mətbuatının yazdığına görə, Amassın ətrafı Amorimin açıqlamalarından ciddi şəkildə narazıdır.
Zədədən əziyyət çəkən Çido Obi də oxşar addım atıb. O, “Mançester Yunayted”in U-21 komandasında qol vurduğu anın fotosunu paylaşaraq baş məşqçinin həmişə əsas heyətdə oynamır fikrinə dolayısı cavab verib. Bu paylaşım da bir neçə dəqiqə sonra silinib. Bundan əlavə, Obi qısa müddətlik sosial şəbəkə bioqrafiyasından klubun adını çıxarsa da, daha sonra yenidən əlavə edib.
18 yaşlı Obi bu mövsüm U-21 komandasında ən çox qol vuran futbolçulardan biridir. Onun hər oyuna start heyətində çıxmamasının əsas səbəbi hücum xəttində Qabriel Biançeri ilə rotasiyadır. Hər iki futbolçu mövsümdə beş qola imza atıb.
Baş məşqçinin digər gənc oyunçularla yaşadığı problemlər azarkeşlər arasında narazılığa səbəb olub.