BAKI, 16 iyul. TELEQRAF

“Dünya çempionatında 80-90 ölkənin iştirakı gözlənilir. Turnirdə böyüklər arasında dünya reytinqinin ilk 200-lüyündə, gənclər arasında isə ilk 16-lığında qərarlaşan idmançılar mübarizə apara biləcəklər”.

Teleqraf xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullu Bakıda keçiriləcək dünya çempionatına həsr olunmuş mətbuat konfransında deyib.

R.Rəsullu dünya çempionatının Bakıda təşkilindən danışıb: “Bu, bizim üçün çox əhəmiyyətli yarışdır. Gənclər və İdman Nazirliyi, eləcə də Milli Olimpiya Komitəsi ilə sıx əməkdaşlıq edirik. Turnirin yüksək səviyyədə təşkili üçün bizə hərtərəfli dəstək göstərilir. Məqsədimiz bu dünya çempionatını ən uğurlu mundiallardan birinə çevirməkdir. Artıq 670 bilet satılıb və onların 80 faizi xarici ölkələrdən alınıb. Biletlər 20-yə yaxın ölkədən əldə edilib. Turnirə böyük maraq var”.

ACF rəsmisi idmançıların seçim meyarlarına da toxunub: “Seçim meyarları əvvəlcədən müəyyənləşdirilib. İdmançılar yalnız öz çəki dərəcələrində deyil, digər çəkilərdə çıxış edən rəqiblərlə də qarşılaşırlar. Hər kəs hazırlıq prosesində özünü ən yaxşı tərəfdən göstərməlidir. "Heyətə düşdüm, artıq rahatam" düşüncəsinə qətiyyən yol vermirik. Məhz buna görə heyətdən kənarda qalan idmançılar da var”.

Qeyd edək ki, dünya çempionatı oktyabrın 4-dən 11-dək Milli Gimnastika Arenasında baş tutacaq.