BAKI, 16 iyul. TELEQRAF

Ermənistan cüdoçularının Bakıda keçiriləcək dünya çempionatında iştirak edib-etməyəcəyi hələ dəqiqləşməyib.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullu Bakıda keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, Ermənistan idmançılarının turnirdə iştirakı onların reytinq mövqeyindən asılı olacaq: “Hazırda Ermənistan cüdoçularının reytinqdə hansı pillələrdə qərarlaşdıqlarını bilmirik. Dünya çempionatında reytinqi uyğun olan idmançılar iştirak edəcəklər. Onların yarışa qatılması ilə bağlı hər hansı problem yoxdur. Hazırda bizə bununla bağlı müraciət daxil olmayıb. Müraciət olarsa, müəyyən olunmuş qaydalar çərçivəsində onların da digər idmançılar kimi yarışda iştirakı mümkün olacaq”.

Qeyd edək ki, dünya çempionatı oktyabrın 4-dən 11-dək Milli Gimnastika Arenasında baş tutacaq.