BAKI, 16 iyul. TELEQRAF

“Azərbaycanın olimpiya çempionu Hidayət Heydərov artıq 81 kq çəki dərəcəsində yarışmayacaq”.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli Bakıda keçiriləcək dünya çempionatına həsr olunmuş mətbuat konfransında məlumat verib.

O bildirib ki, Hidayət Heydərovun Çin Qran-Prisində 81 kq çəki dərəcəsində çıxışı birdəfəlik qərar olub: “Ötən dəfə bu qərarı hamılıqla verdik ki, Hidayət 81 kq çəki dərəcəsində yarışsın. Nəticədə bürünc medal qazandı. Amma Bakıdakı yarışda 73 kq çəki dərəcəsində mübarizə aparacaq”.

Məmmədli bildirib ki, Elcan Hacıyevin iştirakı isə sual altındadır: “O, əməliyyatdan sonra hazırda Yaponiyada təlim-məşq toplanışındadır. Komandanın heyəti daha sonra bəlli olacaq".

Qeyd edək ki, Hidayət Heydərov Çinin Sindao şəhərində keçirilən Qran-pridə 81 kq çəki dərəcəsində çıxış edib.