BAKI, 17 iyul. TELEQRAF
“Sabah” “Liv Bona Dea Arena”nı ehtiyat stadion kimi Peşəkar Futbol Liqasına (PFL) təqdim edib.
Teleqraf xəbər verir ki, bu barədə PFL-in texniki-idman direktoru Elgiz Abbasov jurnalistlərə açıqlamasında danışıb.
O bildirib ki, hazırda arenanın hansısa klub tərəfindən daimi istifadəyə götürülməsi ilə bağlı PFL-ə rəsmi məlumat daxil olmayıb: “Hazırda hansısa klubun bu stadionu özəlləşdirməsi ilə bağlı bizə məlumat daxil olmayıb. “Araz-Naxçıvan”ın müqaviləsi bir illik idi. Hazırda stadionun qazonunda təmir işləri aparılır. Gələcəkdə bununla bağlı dəyişiklik olarsa, ictimaiyyətə məlumat veriləcək”.
Qeyd edək ki, iddialara görə, Azərbaycan çempionu “Sabah” növbəti mövsümdən ev oyunlarını “Liv Bona Dea Arena”da keçirəcək.