BAKI, 16 dekabr. TELEQRAF
Azərbaycan Güləş Federasiyası güləş idman növünün təbliği istiqamətində həyata keçirdiyi kampaniyanı davam etdirir.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Kampaniya çərçivəsində Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin birgə dəstəyi ilə “Güləş Qarabağda” devizi altında Qarabağ və Şərqi Zəngəzura səfər təşkil olunub. Səfərdə Gənclər və İdman Nazirliyinin və Azərbaycan Güləş Federasiyasının rəsmiləri, həmçinin tanınmış güləşçilər iştirak ediblər.
Nümayəndə heyəti bu gün Xankəndi şəhərində olub. Qonaqlar əvvəlcə Nizami Gəncəvi adına 4 saylı orta məktəbə baş çəkiblər. Eldəniz Əzizli, Rafiq Hüseynov, Mariya Stadnik, Rəsul Çunayev kimi tanınmış güləşçilər məktəblilər tərəfindən böyük coşğu və maraqla qarşılanıb. Yeniyetmələr tanınmış idmançılarla şəkil çəkdirib, avtoqraf alıblar, daha sonra məktəbin stadionunda qurulan güləş xalçası üzərində güləşin əsas elementləri ilə tanış olublar.
Çimərlik güləşi üzrə milli komandanın baş məşqçisi Oyan Nəzərianinin rəhbərliyi ilə keçirilən oyunlar tədbirə əlavə rəng qatıb. Şagirdlərə Azərbaycan Güləş Federasiyası tərəfindən hədiyyələr təqdim olunub.
Qeyd edək ki, tədbirin əsas məqsədi güləşin populyarlığını daha da artırmaq, tanınmış güləşçilərlə məktəblilərin ünsiyyətini təşkil etmək, gənc nəsildə sağlam həyat tərzini, “sağlam bədəndə sağlam ruh olar” düşüncəsini və vətənpərvərlik ruhunu formalaşdırmaqdır.