BAKI, 15 dekabr. TELEQRAF

Qvardiola Qəzza ilə bağlı açıqlamalarına görə tənqid hədəfinə çevrilib.

Teleqraf xəbər verir ki, “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Qəzza münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlərə görə Böyük Mançester Yəhudi Nümayəndəlik Şurasının sərt tənqidi ilə üzləşib.

"Daily Mail" yazır ki, yəhudi icması kluba ünvanladığı məktubda Qvardiolayı oktyabr ayında Mançesterdə sinaqoqa edilən hücumdan sonra həmrəylik nümayiş etdirməməkdə və Qəzza barədə təhrikedici açıqlamalar verməkdə ittiham edib. Məktubda iddia olunur ki, məşqçinin bəyanatları Böyük Britaniyada yəhudilərin təhlükəsizliyinə risk yarada bilər.

Xatırladaq ki, oktyabrda Heaton Park İvrit Sinaqoqunun yaxınlığında baş verən hücumda iki yəhudi həlak olub, üç nəfər ağır xəsarət alıb. Hücum edən şəxs polis tərəfindən zərərsizləşdirilib.

Məktubda, həmçinin Qvardiolaya Mançesterin digər klubu “Mançester Yunayted”lə müqayisədə daha passiv mövqe tutmaq iradı bildirilib və onun Qəzza ilə bağlı açıqlamalarının birtərəfli olduğu vurğulanıb. İddialara görə, bu fikirlər Futbol Assosiasiyasının siyasi mesajlarla bağlı qaydalarının pozulması ehtimalını da gündəmə gətirir.

Pep Qvardiola və “Mançester Siti” klubu məsələyə münasibət bildirməyib.

Xatırladaq ki, Qvardiola Qəzzada günahsız insanların öldürülməsi, dünyanın isə buna göz yumması ilə bağlı fikirlərini tez-tez dilə gətirib.