BAKI, 12 dekabr. TELEQRAF

2026-cı il Dünya Çempionatının final oyunu üçün ən ucuz biletin 3 min funt sterlinqdən baha olması azarkeş qruplarının ciddi narazılığına səbəb olub.

Teleqraf xarici mediaya istinadla xəbər verir ki,*Avropa Azarkeşləri Assosiasiyası (FSE) FİFA-dan bilet satışının dərhal dayandırılmasını tələb edib.

Xorvatiya Futbol Federasiyasının açıqladığı rəqəmlər göstərir ki, 19 iyulda Nyu-Cersidə, MetLife Stadium-da keçiriləcək final üçün PMA (Participant Member Association) kvotasında ən ucuz bilet 4,185 dollar (3,120 avro) olaraq müəyyən olunub.

FSE hesab edir ki, turniri əvvəldən axıra izləmək istəyən bir azarkeşin minimum bilet xərci 6,900 dollar olacaq ki, bu da 2022-ci il Qətər Dünya Çempionatı ilə müqayisədə beş dəfə bahadır. Səyahət və yaşayış xərcləri nəzərə alınanda məbləğin ikiqatdan çox artacağı bildirilir.

Təşkilat qiymətləri azarkeş ənənəsinə təhqir adlandırıb:

“Bu, Dünya Çempionatının tarixən formalaşmış ənənəsinə qarşı monumental bir xəyanətdir. FİFA dərhal satışları dayandırmalı və qiymətləri yenidən nəzərdən keçirməlidir.”