BAKI, 18 iyul. TELEQRAF

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcıları futbol üzrə dünya çempionatının finalı öncəsi Nyu-York və Nyu-Cersi ştatları üzərində tətbiq olunan müvəqqəti uçuş məhdudiyyətlərini pozan təyyarəni müşayiət edərək ərazidən çıxarıb.

Teleqraf xəbər verir ki, bu barədə Şimali Amerikanın Aerokosmik Müdafiə Komandanlığı (NORAD) məlumat yayıb.

NORAD-ın açıqlamasına görə, hadisə iyulun 17-də ABŞ-ın Şərq sahili vaxtı ilə saat 16:18 radələrində baş verib. Qurumun F-16 qırıcıları ümumi aviasiyaya aid bir təyyarəni müəyyən edərək qarşılayıb və onu qadağan olunmuş hava zonasından təhlükəsiz şəkildə çıxarıb.

Qeyd olunur ki, uçuş məhdudiyyətləri iyulun 17-dən 19-dək qüvvədə olacaq. Məhdudiyyətlər iyulun 19-da Nyu-Cersi ştatında keçiriləcək dünya çempionatının final oyunu ilə əlaqədar tətbiq edilib.

Final qarşılaşmasında Argentina və İspaniya milli komandaları üz-üzə gələcək.