
BAKI, 6 aprel. TELEQRAF
"Azərbaycan Premyer Liqasının XXIX turunda keçirilən “Səbail” - “Turan Tovuz” oyunundan sonra yaşanan xoşəgəlməz hadisə ilə bağlı təəssüf hissi keçirdiyimizi bildiririk".
Teleqraf xəbər verir ki, bu fikirlər Tovuz klubunun yaydığı bəyanatda əksini tapıb.
Qərb təmsilçisi futbolçusu Veysəl Rzayevin azarkeşlərlə yaşadığı münaqişəyə belə reaksiya verib: "Məsafədən asılı olmayaraq hər zaman komandasının yanında olan, səfər oyunlarında belə ev oyunu ab-havası yaradan azarkeşlərimizin irad və təklifləri inkişafımız üçün çox vacibdir. Komandası ilə bütövləşmiş tribunada istənilən şəxsin təhqir olunması bizi daha da narahat edir. Bildirmək istəyirik ki, oyunçular tərəfindən azarkeşlərə qarşı göstərilən qeyri-adekvat reaksiya yolverilməzdir. Baş verən hadisə ilə bağlı oyunçulara qarşı klubumuzun daxili intizam qaydalarına uyğun olaraq müvafiq addımlar atılıb".
"Hər zaman olduğu kimi “Turan” ailəsini vacib missiya uğrunda birlik olmağa çağırırıq.
Biz bir ailəyik. Gücümüz birliyimizdir!"- deyə rəsmi açıqlamada vurğulanıb.
Qeyd edək ki, 0:0 hesablı heç-heçə ilə nəticələnən qarşılaşmadan sonra "Turan Tovuz"un futbolçusu Veysəl Rzayev azarkeşlərlə münaqişəyə girib. Rzayev bu gün Teleqraf vasitəsilə azarkeşlərdən üzr istəyib.