
BAKI, 29 mart. TELEQRAF
“Gərgin oyuna şahidlik etdik”.
Teleqraf xəbər verir ki, bunu "Araz-Naxçıvan"n baş məşqçisi Elmar Baxşıyev səfərdə "Neftçi" ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXVIII tur matçından sonra mətbuat konfransında deyib.
45 yaşlı mütəxəssis hər iki komandanın yaxşı mübarizə apardığını bildirib: “Komanda şəklində futbolçularım meydanda yaxşı iş gördülər. Uda da bilərdik, uduzmaq təhlükəsi də var idi. Düşünürəm ki, bir xal da bu oyun üçün önəmli idi. Komandama təşəkkür edirəm. Qarşıdakı matçlara hazırlaşacağıq”.
Baş məşqçi “Neftçi”nin planlı şəkildə təzyiq etdiyini vurğulayıb: “Siz komandamızın ifasında gərgin oyunu hiss etməyə bilərsiniz, amma biz fərqli görürük. "Neftçi” də yaxşı təşkilatlanmış komandadır. Nə gözləyirsiniz: Biz oynayaq, “Neftçi” baxsın? Qarşımızda rəqib var. Onlar da planlı şəkildə bizə təzyiq göstərdilər. Düşünürəm ki, hər iki komanda həm bir-birindən ehtiyat edir, həm də çəkinirdi”.
Baxşıyev matça maksimum nəticə üçün çıxdıqlarını deyib: “Milli komandanın səviyyəsi başqadır. Klublar üçün isə səviyyə ayrıdır. Bu gün səfərdə çıxış edirdik. Futbolçulara fərqli düşüncə və yanaşma ilə tapşırıq verə bilərik. Onları sizə deyə bilmərəm. Amma ümumi götürdükdə, "Neftçi"yə qarşı oynadığımızı bilirdik. Bizdən geridə olduqları üçün onları uda biləcəyik deyə bir anlayış yoxdur. Heyətimizdə itkilər var. Ümumi götürsək, indiki durumda hər bir xal önəmlidir. Düşünürəm ki, meydanda komanda var idi və istədiyimi verirdi".
"Araz-Naxçıvan"ın baş məşqçisi "Neftçi" ilə matçda aprelin 2-də "Qarabağ"a qarşı keçirəcəkləri Azərbaycan Kubokunun ilk yarımfinal oyununu düşünmədiklərini diqqətə çatdırıb: "Meydanda qənaətli oynadığımızı düşünürsünüzsə, bu, doğru deyil. Komandamız bu görüşə də maksimum xal qazanmağa çıxmışdı. Başa düşürük ki, üç gündən bir oyun qrafikinə giririk. Heyətdə 4-5 futbolçunun olmaması da bizə müəyyən sıxıntı yaradır. Qış fasiləsindən sonra zədəli futbolçuların sayı çoxdur. O da nə ilə bağlıdır, biz bilirik. Bizə aid olan məsələdir. Komandam möhkəmdir, kubokda və çempionatda iddiamızı ortaya qoyacaq”.