
BAKI. 29 mart. TELEQRAF
"Son oyunlarımızdakı hakim idarəçilikləri çox aşağı səviyyədədir".
Teleqraf xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov evdə "Araz-Naxçıvan"la 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXVIII tur matçından sonra mətbuat konfransında deyib.
47 yaşlı mütəxəssis səbəb açıqlamaqda çətinlik çəkdiyini bildirib: "Bunun səbəbini indi deyə bilmərəm. Çünki görüş vaxtı hakimliyə yox, rəqibə və oyunun gedişatına daha çox diqqət yönəldirik. Lakin düşünürəm ki, indi və əvvəlki oyunlardakı hakimlik də heç xoşuma gəlmədi. Temp öldürmək, birtərəfli qərarlar, qapımıza verilən olan-olmayan cərimə zərbələri bilmirəm nədən irəli gəlir. Açığı, bunlar bizi narahat etməyə başlayıb".
Baş məşqçi aprelin 2-də "Sabah"a qarşı keçirəcəkləri Azərbaycan Kubokunun ilk yarımfinal oyunu öncəsi komandasında neqativ halın olmadığını söyləyib. O, hücumçu Bassala Sambunun "Kəpəz"lə Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab görüşündə qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəza almasının səbəbini hələ də başa düşmədiyini vurğulayıb: "Bu gün "Araz-Naxçıvan"la oyunda qələbə qazana bilməməyimizə üzülürük, amma bu da keçəcək. Sabah məşqə gələndə bunların hamısını keçmişdə qalan hadisə kimi kənara qoyaq və dərhal kubok oyununa hazırlaşaq. Oyunçularımız, kimin yaxşı, kimin pis olduğu barədə fərdi qaydada danışmaq istəmirəm. Sadəcə, Sambunu itirməyimizə üzülürük. Həqiqətən də görünür ki, epizodlara girir, qol vurur. Onun itkisi bizim üçün çox pis olaydır. Hələ də başa düşə bilmirəm ki, o, niyə qırmızı vərəqə aldı və cəzası niyə ləğv olunmadı. Bundan da pis, sərt epizodları AFFA-ya göndərmişik. İngiltərə Premyer Liqasında XXVIII turun "Nottingem Forest" - "Mançester Siti" qarşılaşmasında bundan da pis oyun vəziyyəti olmuşdu. Lakin referi heç sarı vərə də vermədi. Sambuya iki oyunluq cəzanın verilməsində məqsəd nə idi, niyə belə etdilər, hələ də mənim üçün qaranlıq qalır. Bunun səbəbini də bilməyəcəyəm. Fakt budur ki, oyunçumuzu lüzumsuz və yersiz itirdik".
Bununla belə, təcrübəli mütəxəssis komandasının öz oyununa köklənməsinin, istədiklərini yaxşı tərəfdən həyata keçirməyə çalışmasının gərəkliyini vurğulayıb: "Nə qədər istəsək də, bu qədər epizodu qola çevirmək həddindən artıq çətindir. İşimiz qol epizodları yaratmaqdır. Amma sonluğun necə olacağını heç kim deyə bilməz. Yalnız oyundan sonra təəssüflənə bilərik ki, futbolçum o topu bura yox, ora vursaydı, qol olardı. Futbolçu o vəziyyətə düşəndə qərarı özü verir. Çalışacağıq ki, öz meydanımızda keçirəcəyimiz ilk oyunda hər şeyi edək. Düzdür, həddindən artıq itkilərimiz var. Qorxuruq ki, yenə iki-üç oyunçumuzu itirək. Təki oyunçularımız sağlam olsunlar və biz yarımfinal qarşılaşmalarına son şans kimi çıxaq".
Abasov oyun zamanı qol imkanlarından yararlana bilməmələrinin psixoloji problemlərlə bağlı olduğunu düşünmədiyini bildirib: "Həm birinci, həm də ikinci hissədə üstünlük bizim tərəfimizdə idi. Fasilə vaxtı tapşırıq vermişdim ki, rəqibin hücumlarının qarşısını almaqda xeyli diqqətli olaq. Görünən o idi ki, ikinci hissədə bu baxımdan da oyunumuz qaydasına düşdü. Rəqibə qol epizodu vermədən özümüz iki təhlükəli epizod yaratdıq. Təəssüf ki, qələbə topunu vura bilmədik. Bunlar ustalıqla bağlı məsələlərdir. Məşqlərlə müəyyən yerədək getmək olar, amma qapıçı ilə təkbətək çıxanda necə qol vurmaq, hansı qərarı vermək artıq hücumçunun seçimidir. Aleks Fernandesin qol epizodunda bəxtsizlik oldu. Top qapıya getmək əvəzinə onun harasından keçdi, bilmirəm. Buna görə üzüntülüyəm. 4-5 qol imkanı yaradırıqsa, bu, bizim müsbət tərəfimizdir. Lakin həyati qolu vurmayıb xal itirmək adamı üzür".