
BAKI, 31 fevral. TELEQRAF
"Almaniya Federativ Respublikasına məxsus “Alman Dalğası” (“Doyçe Velle”) ictimai yayımçı qurumu tərəfindən 30 mart 2025-ci ildə efirə verilmiş “Ermənistanın Qafqazda torpaq və kimlik uğrunda mübarizəsi” adlı verilişi qətiyyətlə pisləyirik".
Teleqraf xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcması bəyanat yayıb.
Bəyanatda deylir: "Bu veriliş jurnalistika standartlarının kobud şəkildə pozulması, dezinformasiyanın yayılması, irqi ayrı-seçkilik və xalqlar arasında nifrətin qızışdırılması baxımından ciddi narahatlıq doğurur. İlk növbədə, veriliş Azərbaycan xalqının əzablarını tamamilə göz ardı edərək, tarixi faktları təhrif edir. Keçmiş münaqişə ilə bağlı tarixçəsi tam şəkildə radikal erməni millətçilərinin narrativinə uyğun verilib".
Verilişdə Ermənistandan azərbaycanlıların tamamilə etnik təmizləməyə məruz qalması, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, oradan 800 mindən çox azərbaycanlını öz yurd-yuvalarından didərgin salması, 1000-ə yaxın Azərbaycan şəhər və kəndinin viran qoyması, ölkəmizin ərazilərinin böyük bir hissəsini minalarla çirkləndirməsi və 150 milyard ABŞ dollarından çox ziyan vurması faktları gözardı edilir. Keçmiş münaqişə zamanı 20 mindən artıq azərbaycanlının qətlə yetirilməsi, 4000 nəfərin hələ də itkin düşməsi və Ermənistanın öz ərazisindən zorla çıxardığı yüz minlərlə azərbaycanlının təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasına imkan verməməsi kimi mühüm məqamlar da görməzdən gəlinir. Bütün bunları İcma jurnalistikanın obyektivlik və həqiqət prinsipinin açıq-aşkar pozulması kimi qiymətləndirir.
Verilişin azərbaycanlılara qarşı qərəzli yanaşma sərgilədiyinə diqqərt çəkən Qərbi Azərbaycan İcması azərbaycanlı qaçqınların görüntülərinin ermənilər kimi təqdim olunmasını ikrah doğuran hal hesab edir: "Biz Qərbi Azərbaycan İcması olaraq hesab edirik ki, “Doyçe Velle”-nin bu verilişi təkcə jurnalistika etikasını ayaqlar altına almır, həm də regionda sülh və barışıq səylərini zədələyərək, sülhə mane olmaq məqsədi daşıyır. Beynəlxalq miqyasda fəaliyyət göstərən media qurumunun ondan gözlənilən obyektivlik və məsuliyyət əvəzinə, bu cür birtərəfli və təhrif edilmiş yanaşma sərgiləməsi qəbuledilməzdir. “Doyçe Velle”nifrət və irqi ayrı-seçkilik xarakterli bu verilişi özünün ictimai resurslarından yığışdırmalı və Azərbaycan xalqından üzr istəməlidir".