
BAKI, 29 mart. TELEQRAF
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVIII turun ikinci oyun gününün ilk matçında “Neftçi” və “Araz-Naxçıvan” komandaları üz-üzə gəlib.
Teleqraf xəbər verir ki, “Neftçi Arena”da keçirilən qarşılaşma heç-heçə ilə yekunlaşıb - 1:1.
Çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədovun idarə etdiyi görüş erkən qollarla başlayıb. “Ağ-qaralar”ın hücumçusu Bassala Sambu oyunun 3-cü dəqiqəsində hesabı açıb. Cavabında “qırmızı-ağlar”ın legioneri İssuf Paro 3 dəqiqə sonra hesabı bərabərləşdirib. Bu, həm də 31 yaşlı müdafiəçinin mövsümdə ilk qoludur.
Bu nəticədən sonra Samir Abasovun komandası 32 xalla 6-cı, Elmar Baxşıyevin kollektivi isə 48 xalla 3-cü pillədəki yerini dəyişməz saxlayıb.
Komandalar oyun zamanı itkilərlə üzləşiblər. 54-cü dəqiqədə Mustafa Sek, 84-cü dəqiqədə Əyyub Allaş zədələnərək, meydanı tərk ediblər.
Qeyd edək ki, günün ikinci oyununda “Sumqayıt” və “Sabah” komandaları qarşılaşacaq. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq matçın start fiti saat 19:00-da çalınacaq. Turun ilk matçında isə "Qarabağ" səfərdə "Turan Tovuz"a qalib gəlib - 4:1. Son 2 qarşılaşma martın 30-da keçiriləcək.