BAKI. 10 mart. TELEQRAF

Almaniya Futbol Liqası (DFL) Frankfurt şəhərində Avropa Liqalarının (European Leagues) 20 illik yubileyinə həsr olunmuş 50-ci Baş Assambleya keçirib.

Teleqraf xəbər verir ki, Baş Assambleyada Azərbaycanı Peşəkar Futbol Liqasının (PFL) texniki-idman direktoru Elgiz Abbasov təmsil edib.

Abbasov Avropa Liqalarına daxil olan ölkələrin nümayəndələri ilə ümumi və təkbətək görüşlər keçirərək, fikir mübadilələri aparıb.

Tədbirdə İsveç Futbol Liqası rəsmisi Klaudius Şafer Avropa Liqalarının prezidenti seçilib, direktorlar şurasının yeni heyəti açıqlanıb və LaLiqanın yenidən Avropa Liqalarına qoşulması rəsmiləşib.

Ümumilikdə Assambleyaya 40 liqanın nümayəndəsi qatılıb. Tərəflər futbol sənayesinin idarə olunması və təkamülü yönündə ətraflı müzakirələr aparıb, yeni planlar üzərində çalışmaların startının önəmini qeyd ediblər. Beləliklə prezident və direktorlar şurasının 2025 - 2029-cu illəri əhatə edəcək fəaliyyəti start götürüb.

Qeyd edək ki, PFL 2013-cü ildən Avropa Liqalarının tamhüquqlu üzvüdür.