TBİLİSİ, 10 mart. TELEQRAF

Milli Məclisinin sədri Sahibə Qafarova Gürcüstana rəsmi səfəri çərçivəsində bu ölkənin parlament sədri Şalva Papuaşvili ilə görüşüb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin mətbuat xidmətindən bildirilib.

Görüşdə iki ölkə arasında tarixi dostluq və çoxşaxəli səmərəli əməkdaşlıq vurğulanıb.

Ş.Papuaşvili Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyinə görə Azərbaycan tərəfinə təşəkkür edib və Gürcüstanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyib.

İki ölkənin qanunvericilik orqanları arasında, həm sədrlər, həm də komitələr arasında əlaqələr müsbət qiymətləndirilib, Anlaşma Memorandumunun əməkdaşlığın gələcək inkişafı üçün əhəmiyyəti qeyd edilib.

Tərəflər, həmçinin Cənubi Qafqaz regionundakı mövcud vəziyyəti müzakirə ediblər və mehriban qonşuluq münasibətlərinin, sülhün və təhlükəsizliyin vacibliyini vurğulayıblar. Strateji əhəmiyyət kəsb edən regional layihələrin həyata keçirilməsi üzərində işləməyə hazırlıq ifadə olunub.

Milli Məclis sədri gürcü həmkarını Azərbaycana dəvət edib.