
BAKI, 10 mart. TELEQRAF
Yunanıstanın “Olimpiakos” klubu ispaniyalı mütəxəssis Xose Luis Mendilibarla müqavilə müddətini uzadıb.
Teleqraf xəbər verir ki, Pirey təmsilçisini 2023/2024 mövsümündə UEFA Konfrans Liqasının qalibi edən 64 yaşlı mütəxəssislə yayda başa çatacaq sözləşmə vaxtından əvvəl təzələnib.
Onunla 2026-cı ilin yayınadək yeni anlaşma əldə olunub.
UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk görüşündə Norveç “Budo Qlimt”inə səfərdə 0:3 hesabı ilə uduzan “Olimpiakos” cavab qarşılaşmasına martın 13-də çıxacaq. Yunanıstan Super Liqasında isə Pirey komandası 26 turdan sonra AEK-dən 7 xal fərqlə lider, həmçinin ölkə kubokunun yarımfinalçısıdır. Bir il ərzindəki nəticələri uğurlu hesab edən klub təcrübəli mütəxəssislə əməkdaşlığa davam etməyi qərara alıb.
Qeyd edək ki, Xose Luis Mendilibar "Olimpiakos"un "sükanı arxası"na 2024-cü ilin fevralında keçib. UEFA Avropa Liqasının VIII turunda “Qarabağ”ı məğlub edib - 3:0.