
BAKI, 10 mart. TELEQRAF
“Yenidən milliyə dəvət alacağıma inanıram. Əlbəttə, yığmadan dəvət gözləyirəm”.
Bu sözləri Teleqraf-a açıqlamasında Azərbaycan milli komandasının və Türkiyə I Liqa təmsilçisi “Boluspor”un futbolçusu Vüsal İsgəndərli deyib.
29 yaşlı yarımmüdafiəçinin sözlərinə görə, Türkiyə I Liqasının XXVIII turunda səfərdə Coşqun Diniyevin komandası “Çorum” üzərində 2:0 hesablı qələbə qazandıqları görüşdə əsas heyətdə çıxış etməməsi baş məşqçi Yalçın Koşukavakın qərarıdır: “Çətin oyun oldu. Şükür ki, səfərdən qələbə ilə ayrıldıq. Bu, bizim üçün önəmli 3 xal idi. Meydana sonradan daxil olmağım baş məşqçimizin şəxsi qərarı idi. Buna hörmətlə yanaşıram. Heç bir fiziki problemim yoxdur. Növbəti oyunlarda daha çox şans qazanacağıma inanıram. Oynamağa, daimi əsas heyət üzvü olmağa öyrəşmiş futbolçuyam. Amma futbolda belə hallar da olur. Bir təcrübə idi, bunu yaxşı dəyərləndirəcəyəm. Komandamın hədəfi ən azı pley-off oynamaqdır”.
İsgəndərli azərbaycanlı futbolçuların Türkiyədə legioner hesab olunmasının karyerasına ciddi təsir etməyəcəyini bildirib: “Heç bir problem yoxdur. Mən “Keçiörengücü”ndə də legioner kimi oynamışdım. Ona görə də sadəcə, formamı daha da yaxşılaşdırıb, çox şans qazanmağa çalışıram”.
Qeyd edək ki, Azərbaycan milli komandası martın 22-də Belarus, martın 25-də Haitiyə qarşı yoldaşlıq oyunları keçirəcək. Portuqaliyalı mütəxəssis Fernandu Santuşun təyinatından sonra yığmadan dəvət almayan Vüsal İsgəndərli sonuncu dəfə 2024-cü ilin yayında Monqolustan və Bolqarıstana qarşı matçlar üçün yığmaya cəlb edilib.