
BAKI. 10 mart. TELEQRAF
Bakının Kürdaxanı qəsəbəsində qadın məhkumların saxlanıldığı 4 saylı cəzaçəkmə və yetkinlik yaşına çatmayan şəxslər üçün tərbiyə müəssisələrində futbol dərslərinə start verilib.
Teleqraf-ın məlumatına görə, dərslər AFFA-nın təşkilatçılığı və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə əməkdaşlıq əsasında həftədə iki dəfə həyata keçirilir.
Bu məqsədlə məşqçi qismində İradə Quliyeva və Elvin Həmidov ayrılıb.
Əsas məqsəd məhbusların fiziki və psixoloji inkişafını dəstəkləmək, onların sosial adaptasiyasını yaxşılaşdırmaq, cinayətkar davranışların qarşısını almaqdır. Bu cür fəaliyyətlər məhbusların özlərini təkmilləşdirmələrinə, emosional sağlamlıqlarını qorumağa və sosial bacarıqlarını artırmağa imkan yaradır. Həmçinin, futbol məşqləri əsnasında əldə edilən nizam-intizam və əməkdaşlıq cəzaçəkmə müəssisələrindəki mühiti daha sülhsevər və harmonik edə bilər.
Layihəyə qoşulan bütün iştirakçılar üçün AFFA idman ləvazimatları (top, fişka, məşqlər üçün idman geyimi, idman qapısı, top setkası və s.) ayırıb.