BAKI, 9 mart. TELEQRAF

“İlk növbədə, Cavid Hüseynovu təbrik edirəm, çox gözəl işlər görür, yaxşı komanda formalaşdırıb. Qış fasiləsindın sonra avrokuboklara namizəd komandalarla oyunda məğlub olmamışdılar”.

Teleqraf xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının XXVI turunda evdə “Səbail”i 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis son anda qol vuraraq qələbə qazandıqları qarşılaşmanı belə şərh edib: “Olduqca stresli və emosional oyun alındı. Matçın çətin keçəyini əvvəldən bilirdik. Çalışdıq ilk dəqiqələrdən qol vuraq, amma baş tutmadı. Şükür ki, son hücumda qələbə qolunu vura bildik. Məni sevindirən amil o idi ki, futbolçular qaçırılan epiozdlarda ruhdan düşmürdülər. 20-dək epizod qaçırdıq. Bu tip oyunlarda nadir hallarda qələbə qazanırsan. Buna da köklənmişdim ki, ola bilər, qol vurmayaq. Qol vurmasaydıq belə, futbolçularıma minnətdarlıq bildirəcəkdim. Bu oyundan özümüz üçün nəticələr çıxarmalıyıq ki, sona qədər mübarizə aparmaq lazımdır”.

Baş məşqçi son saniyə qolunu Allahın hədiyyəsi kimi dəyərləndirməyin əleyhinə çıxıb: "Allah birdir, təkdir. Futbol və ya basketbol tanrısı deyə bir şey yoxdur. Allah sonda bizə kömək oldu. Biz oyunları futbolçularımla birlikdə udur, birlikdə də uduzuruq".

Sadıqov mozambikli yarımmüdafiəçi Rikardo Martins Gimaraynş “Quima”nın transferi barədə də danışıb: “Quimanı artıq 4,5 ildir tanıyıram. Yadımdadır, “Zirə”yə baş məşqçi təyin olunarkən onunla danışıqlar apardıq. Transfer alınmasa da, mütəmadi əlaqə saxlayırdıq. Ondan sonra Portuqaliya, Polşa və Türkiyədə uğurlu karyerası oldu. Ötən yay da müəyyən danışıqlarımız oldu. İndi belə şans yarandı və onu komandaya cəlb etdik. İki ay klubsuz qaldığı üçün hazır deyil. Özünə gəlməsi 1,5 ay çəkəcək. Bu, daha çox gələcəyə yönəlik transferdir”.