Bakı, 10 mart. TELEQRAF

AFFA İntizam Komitəsi I Liqada XVII turun MOİK – “Qaradağ Lökbatan” oyununda baş verənlərlə bağlı qərarını açıqlayıb.

Teleqraf-ın məlumatına görə, MOİK 4 futbolçusunun sarı vərəqə alması səbəbindən 70 manat, qarşılaşma bitdikdən sonra meydana kənar şəxslər daxil olduğu üçün 80 manat cərimələnib.

"Qaradağ Lökbatan"ın da 4 futbolçusu sarı vərəqə alıb və bu, kluba 70 manat cərimə bahasına başa gəlib.

Oyun bitdikdən sonra isə “Qaradağ Lökbatan”ın məşqçisi Amit Quluzadə hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimlər otağına daxil olub. İntizam Komitəsi veteran futbolçunu 3 matçlıq cəzaya, klubunu 300 manat cəriməyə məruz qoyub.