BAKI, 10 mart. TELEQRAF

Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun futbolçusu Aleksandar Mitroviç xəstəxanaya yerləşdirilib.

Teleqraf "Al-Riyadiyah"a istinadən xəbər verir ki, 30 yaşlı hücumçu bazar günü fiziki gərginlikdən sonra ürək döyüntüsü sürətləndiyi üçün paytaxt Ər-Riyaddakı xəstəxanaya aparılıb. Həkimlər serbiyalıya istirahət etməyi tövsiyə edib.

Mitroviç ayağından aldığı zədəyə görə iki aya yaxın müddətdə komandasına kömək edə bilməyib. O, ötən həftə "Əl-Hilal"ın heyətinə qayıdıb və cümə günü Pro Liqanın XXIV turunda "Əl-Feyxa" ilə oyunda (2:0) qol vurub.

Qeyd edək ki, Aleksandar Mitroviç 59 qolla Serbiya yığma komandası tarixinin bombardiridir. O, bu mövsüm “Əl-Hilal”ın heyətində meydana çıxdığı 25 oyunda 21 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.